23 İyul 2015 17:19
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni seçilən İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasına dair iclas keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, iclası parlamentlərarası dostluq qrupuna yenidən rəhbərlik edən Knessetin deputatı, “İsrail – Evimizdir” Partiyasının rəhbəri, ölkənin sabiq xarici işlər naziri Aviqdor Liberman aparıb.

Toplantıda müxtəlif partiyaları təmsil edən deputatlar, həmçinin Knessetin siyasi müşaviri Oded Ben Qur, İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Yosef, İsrailin Azərbaycandakı səfiri Dan Stiv, Azərbaycan-İsrail Assosiasiyasının (Azİz) baş direktoru Lev Spivak iştirak edib.

A.Liberman İsrail-Azərbaycan münasibətləri haqqında geniş məlumat verib. O, Azərbaycanın coğrafi mövqeyini, iqtisadi potensialını qeyd edərək ikitərəfli əlaqələrin inkişafının İsrail üçün əhəmiyyətini vurğulayıb. İki ölkə arasında ticarət əlaqələrinin yüksək səviyyədə olması, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, İsrailə neftin 65 faizi Azərbaycandan idxal olunur.

Daha sonra Azərbaycanda yəhudiliyin tarixindən danışan A.Liberman yəhudilərin müsəlman, eyni zamanda dünyəvi dövlət olan Azərbaycanda hər zaman rahat yaşadığını, heç vaxt milli və dini ayrı-seçkiliyə məruz qalmadığını, dövlətin isə onlara inkişaf etmələri üçün bütün şəraiti yaratdığını vurğulayıb. Azərbaycanda doğulub yaşayan çox sayda yəhudi alim, mədəniyyət xadimi, müxtəlif sahələrdə tanınmış mütəxəssislərin adları sadalanıb. Azərbaycanda hazırda fəaliyyətdə olan yeni və köhnə sinaqoqların olduğu, müstəqillik illərində yəhudi məktəblərinin, mədəniyyət mərkəzlərinin açıldığı bildirilib.

İclasda iştirak edən İsrail Xarici İşlər Nazirliyinin şöbə müdiri Oded Qosef iki ölkə arasında diplomatik əlaqələrin tarixindən, mədəniyyət sahəsində birgə layihələrin hazırlanmasından danışıb. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsini təklif edib.

“Azİz”in baş direktoru Lev Spivak isə Azərbaycanın cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsindən, ölkə torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından bəhs edib. L.Spivak Azərbaycanın işğal olunmuş torpaqlarının İsrail ərazisindən böyük olduğunu söyləyib. “Azİz” rəhbəri eyni zamanda deputatların diqqətinə çatdırıb ki, İsrail Knessetində qondarma “erməni soyqırımı”nın tanınmasına dair müzakirə cəhdləri hər dəfə Azərbaycanda böyük narahatlıqla qarşılanır. O, Knesset üzvlərindən mümkün qədər bu mövzuda açıqlamalar verməkdən çəkinməyi xahiş edib.

L.Spivakın bu xahişini dəstəkləyən Knessetin siyasi müşaviri Oded Ben Qur təklif edib ki, gələcəkdə bu mövzuda danışarkən ümumiyyətlə, “soyqırım” sözündən istifadə olunmasın.

Səxavət


Müəllif: