18 Aprel 2014 12:34

Politoloq Vəfa Quluzadə Teleqraf.com-a açıqlamasında Rusiyanın Azərbaycanda "beşinci kolon"un olduğunu deyib. O, bildirib ki, məqam yetişəndə həmin qüvvənin imkanlarından istifadə olunacaq.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Teleqraf.com-a bildirib ki, o, ölkədə Rusiyaya işləyən siyasi qüvvə tanımır: "Amma vaxtilə Rusiyaya işləmiş bir nəfəri tanıyıram. Bu, Vəfa Quluzadədir. O, SSRİ-nin dövründə Misirdə diplomat olub. O zaman diplomatlar "KQB" ilə sıx əməkdaşlıq edirdilər. "KQB"nin keçmiş işçisi olmur. Ya əbədi olaraq ora işləyirsən, ya da xəyanət yolunu tutub ondan üz döndərirsən. 90-cı illərdə bir neçə rus agenti "KQB"yə xəyanət etdi, oradan uzaqlaşdılar. Vəfa Quluzadə də sonradan istiqəmətini dəyişdi, Rusiyanı söyməyə başladı".

A.Əlizadə qeyd etdi ki, ona qarşı da "Rusiyanın adamı" ifadəsi işlədilir: "Mən necə Rusiyaya işləyirəm ki, 1994-cü ildə Prezident Administrasiyasının qarşısında aksiya olanda Yeltsinə məktub yazıbsülh mühitini yaratmağı tələb etmişdim. Mən necə Moskvanın adamı ola bilərəm ki, "Rusiya həmişə müttəfiqlərinə xəyanət edib" ifadəsini işlətmişəm. Məndən fərqli olaraq, Vəfa Quluzadə Rusiya səfirliyinin bütün tədbirlərinə dəvət olunur".

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Teleqraf.com-a bildirib ki, Rusiyanın Azərbaycanda "beşinci kolon"unun olması barədə mətbuatdan oxuyub: "Yaxşı olardı ki, Vəfa müəllim konkret ad çəksin. O, peşəkar, təcrübəli siyasətçidir. Görünür, onda bu barədə hansısa məlumatlar var".

Ruslan


Müəllif: