26 İyul 2015 12:55

Avropa İttifaqı (Aİ) və Azərbaycanın münasibətləri iqtisadi baxımdan inkişaf edəcək və Avropa gələcəkdə bu münasibətlərdən daha çox mənfəət əldə edəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda Aİ tərəfindən Azərbaycana qarşı böyük diqqətin göstərilməsinin növbəti mərhələsi başlayır: “Bunun bir neçə səbəbi var. Birinci səbəb ölkədəki siyasi sabitlik və müsbət iqtisadi dinamikadır. Bu, Dünya Bankının Azərbaycanın iqtisadi vəziyyəti barədə məruzəsində də qeyd olunur. Məruzədə bildirilir ki, ölkədə son 10 ildə yüksək səviyyədə artım müşahidə olunur və bu inkişaf karbohidrogenlərdən əldə edilmiş gəlirlərin düzgün istifadəsinə əsaslanır. Bu, siyasi sabitlik və davamlı iqtisadi artım üçün zəmin də yaradır. İkincisi, Azərbaycan Aİ ilə, həm də artıq sadəcə regional əhəmiyyətli ölkəyə deyil, dünyanın bütün dövlətlərilə aktiv iqtisadi əlaqələr qura biləcək ölkəyə çevrilir”.

Millət vəkili üçüncü səbəb kimi Avropa ölkələrinin enerji resursların idxalı üçün alternativ yollar axtarmasını göstərib: “İş burasındadır ki, neftin qiymətlərinin kəskin aşağı düşməsi qazın qiymətlərinə də düzəliş edir. Nəticədə Qərbin şist qaz və neft hasilatı layihəsi çökdü. ABŞ-da şist karbohidrogenlərinin işlənməsini həyata keçirən qabaqcıl 5 şirkətdən 3-ü özünü müflis elan etdi. Bu, Aİ-nin belə davranmasının əsas səbəbləridir”.

O qeyd edib ki, münasibətlərin soyuqlaşmasına səbəb olan Qərb və Rusiya arasında sanksiya müharibəsi də öz rolunu oynadı: “Avropa belə şəraitdə manevr etmək və Azərbaycanın artan aktivliyindən, onun nəqletmə, infrastrukur, hasilat kimi qlobal məsələləri həll etmək bacarığından istifadə etməyə çalışır. I Avropa Oyunları dövründə Avropa ölkələri tərəfindən Azərbaycana münasibətdə müəyyən mənfi məqamlara baxmayaraq, Aİ-də başa düşdülər ki, Azərbaycansız keçinmək olmaz”.

R.Quliyevin sözlərinə əsasən, Azərbaycan Avropa üçün postsovet ölkələri arasında ən sabit və problemsiz tərəfdaşdır: “Qazaxıstanı da nümunə göstərmək olardı, lakin onun Avrasiya İqtisadi İttifaqına üzv olması Qərblə münasibətlərə müəyyən dərəcədə təsir göstərdi. Qərb həmişəki kimi hər yerdə ikili standartlar tətbiq edir. Əgər Qərbin marağı varsa, onları qoruyur və inkişaf etdirir. Onlar ən yaxşı variantı seçirlər. Ən yaxşı variant isə hazırda Azərbaycandır”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan yalnız Qərbə tərəf deyil, həm də Şərqə tərəf də inkişaf edə bilər: “Biz Rusiya və MDB ölkələri ilə münasibətləri eyni zamanda inkişaf etdirə bilərik ki, bu da çox vacibdir. Belə ki, bu, böyük bazardır. Fikrimcə, Aİ ilə münasibətlər iqtisadi baxımdan sürətlə inkişaf edəcək və Azərbaycan hələ öz sözünü deyəcək”.


Müəllif:
Загрузка...