29 İyul 2015 18:59

Qulamhüseyn Əlibəyli: "Dialoqda iştirak edənləri qınamaq düzgün deyil"

"Aydınlar Partiyası parlament seçkilərinə təkbaşına yox, "Azadlıq-2015" seçki bloku çərçivəsində gedəcək".

Bu sözləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya seçkidə iştirakın tərəfdarıdır: "Blokun seçki platforması, siyahısı hazırlanır, dəqiqləşmə işləri aparılır".

Partiya sədri qeyd edib ki, Aydınlar Partiyasının namizədləri dairələrin üçdə iki hissəsini əhatə etmək imkanına malikdir: "Reallıqda həmin imkanı gerçəkləşdirmək çətindir. Maliyyə problemlərimiz var, bu baxımdan namizədlərimizin sayı məhduddur".

Q.Əlibəyli 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürmək niyyətindədir: "2005 və 2010-cu illərdəki seçkilərdə həmin dairələrdən namizədliyimi irəli sürmüşdüm. Seçki kampaniyası yaxınlaşdıqca ola bilsin, başqa seçki dairəsindən namizədliyimi verəcəyimi qərarlaşdırdım. Özüm istənilən seçki dairəsində təbliğatımı qurmaq imkanına malikəm".

Partiyanın qurultayına gəlincə, Q.Əlibəyli söyləyib ki, qurultay seçkidən sonra olacaq: "Əslində, Nizamnamə üzrə qurultayımızın vaxtı keçib, amma parlament seçkilərinə görə təxirə salmışıq".

O, ölkədə fəaliyyət göstərən partiyalarda bir sədrin uzun illər eyni təşkilata rəhbərlik etməsi məsələsinə də toxunub: "Sədrin xeyli müddət bir partiyaya rəhbərlik etməsi onu göstərir ki, siyasi partiyalar şəxsiyyət ətrafında formalaşır".

Q.Əlibəyli özü də sədrlikdən getmək niyyətində olmadığını bildirib: "Növbəti qurultayda sədrlikdən getmək fikrim yoxdur. Yenidən sədrliyə iddialıyam. Amma qurultay nümayəndələri başqa qərar qəbul edə bilər. Artıq o, qurultayın səlahiyyətinə aid olan məsələdir. Bizim partiyada "Aydınlar"a rəhbərlik etmək imkanına malik olan insanlar var. Məsələn, birinci müavin Qorxmaz İbrahimli, Ali Məclisin sədri Nizami Quliyev, müavinlərimiz Xanoğlan Əhmədov, Qalib İbrahimlinin siyasi partiya quruculuğu sahəsində kifayət qədər təcrübələri var. Onlar təkbaşına siyasi partiyaya rəhbərlik edə bilərlər. Bütövlükdə hesab edirəm ki, siyasi partiya sədrinin tez-tez dəyişilməsi də partiyanın işinə maneə olan amillərdən biridir".

Seçkilərdən olan gözləntilər barədə danışan Q.Əlibəyli qeyd edib ki, seçki siyasi fəaliyyətin bir formasıdır: "Partiyamız Milli Məclisdə təmsilçiliyə nail olmağı qarşısına məqsəd qoyub".

Partiya sədri iqtidarla müxalifət arasında dialoqdan da danışıb. Onun sözlərinə görə, yaxın zamanda dialoqun növbəti raundu gözlənilir: "Çox güman ki, seçkilər və siyasi partiyaların vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı "Azadlıq-2015" bloku tərəfindən təkliflər hazırlanıb".

Q.Əlibəyli dialoqa qatılan müxalifət təmsilçilərinə qarşı səslənən ittihamlara da münasibətini açıqlayıb: "Dialoqda iştirak etmək həm siyasi partiyanın, həm də siyasi xadimin öz işidir. Biz hesab edirik ki, bir çox problemin həlli hakimiyyətdən asılıdır. Ona görə də sözümüzü hakimiyyət təmsilçisi ilə birbaşa təmasda demək lazımdır. Dialoqda iştirak edənləri qınamaq düzgün deyil".

NƏRGİZ


Müəllif:
Загрузка...