30 İyul 2015 11:48
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Dövlət Departamentinin “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir”

“ABŞ Dövlət Departamenti regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsləri kimi kobud insan hüquqları pozuntularını görməməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanla əlaqədar açıqlamasını şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam surətdə təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur: “Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil. Qəribədir ki, Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi pozulması ABŞ Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır.

ABŞ-ın insan hüquqları üzrə universal bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə məhəl qoymayaraq bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi-ayrıseçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur”.

Səxavət


Müəllif: