31 İyul 2015 11:11
457

“ADP heç vaxt yay tətilinə çıxmayıb. Mənim özüm də tətilə getməmişəm. Havalar isti olduğu üçün qərara gəlmişik ki, fəaliyyətimizi davam etdirək. Ancaq istirahətə getmək istəyənlərə də qarşı çıxmırıq”.

Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib. O, xatırladıb ki, bir müddət əvvəl orucluq zamanı partiyanı 1 ay müddətinə buraxıblar: “Düşündük ki, həm insanlar rahat oruc tuta bilsin, həm də istirahət etsinlər. Mən özüm isə istirahət etmək, harasa getmək niyyətində deyiləm. Əgər burada oturub işləyirəmsə, ortaya bir şey qoyuramsa, bunun özü dincəlmək, zövq məsələsidir”.

ADP sədri daha sonra qeyd edib ki, hələlik partiya ciddi şəkildə qarşıdan gələn parlament seçkilərinə hazırlaşmır:
“Seçkilərə ”Qarabağ" Blokundan getməyə dair qərar vermişik. Blokdakı müttəfiqimiz də bu haqda qərar verməlidir. Əgər onlar fərqli qərar versələr, təbii ki, seçkiyə bir blokda getmək alınmayacaq. Əslində, bu gün siyasi təşkilatların seçkilərə ayrı-ayrılıqda getməsi məqsədəmüvafiq deyil. Burada söhbət imkandan, potensialdan getmir. Sadəcə, partiyaların təkbaşına seçkiyə getmək imkanı azdır. Həm də, biz seçkilərə gedəndə müəyyən məqamları nəzərə alırıq. Hazırda dünyada vəziyyət heç də normal deyil. Ukraynada baş verən proseslər davam edir, bilinmir ki, sabah orada nələr yaşanacaq. Eləcə də, Yaxın Şərqdə vəziyyət kəskindir, faktiki olaraq müharibə gedir. Buna görə də, siyasi qüvvələrə həddən artıq ehtiyatlı, təmkinli siyasət izləmək lazımdır. Bu seçkilərdən də əhəmiyyətlidir. Biz bu kimi məqamları nəzərə alırıq. Düzdür, indidən seçki taktikamız haqqında danışmağı doğru hesab etmirəm. Qərarımız belədir ki, bu dəfə seçkilərdə üzvlərimizi məcbur etməyək, hər şey könüllülük prinsipi əsasında olsun. Kimlər seçkilərdə iştirak etmək istəsə, namizəd olsun. Əlbəttə, seçkilərdə maliyyə tələb olunur. Ancaq hesab edirəm ki, seçkidə iştirak etmək niyyətində olacaq şəxs bütün bu çətinlikləri nəzərə almalıdır. Bu baxımdan sonuncu məqam həm də namizəd olacaq şəxslərin problemidir, partiyanın problemi deyil".

Sərdar Cəlaloğlu daha sonra qeyd edib ki, hazırda onun AXCP, Müsavat, ADP və KXCP ilə hər hansı bir münasibəti, təması yoxdur: “Biz əlaqə saxlamırıq. İş olmayan yerdə təmasa ehtiyac olmur. Güclü iş olmalıdır ki, təmaslar baş versin. Baxın, dünənə qədər qardaş Türkiyədə MHP və CHP AKP ilə danışığa getmirdi. Amma bu gün bu siyasi qüvvələr daima bir-birinin qapısına gedir, müxalifət partiyaları hakimiyyətdə olan AKP nümayəndələrini dəstəkləyir. Bizdə isə vəziyyət fərqlidir. Ehtiyac yoxdur ki, siyasi qüvvələr bir-birilə təmasda olsunlar. Əslində isə partiyaların bir-birinə ehtiyacı var. Sadəcə, partiyaların təmasına ehtiyac hiss edilmir. Edilsəydi, bu baş verərdi”.

Sonda S. Cəlaloğlu əlavə edib ki, artıq Müsavat Partiyası ilə hər hansı bir əməkdaşlıq imkanları qalmayıb: “Bu partiya qərar verib ki, seçkilərə təklikdə gedəcək. Odur ki, biz bu partiya ilə hər hansı bir müzakirəni doğru hesab etmirik. Buyurub seçkilərə təkbaşına getsin. Onlarla müzakirə haqqında düşünmürük”.

CAVİDAN


Müəllif: