18 Aprel 2014 15:08
1 095

Sərdar Cəlaloğlu: "Arif Hacılı-Qubad İbadoğlu tandemi yaradılsın"

Müsavat Partiyasının qurultayının illərdir uzanmasına istər iqtidar, istərsə də müxalifət cinahından reaksiyalar gəlir. Müsavatçılar qurultay üçün hakimiyyət tərəfindən yer verilmədiyini və qurultayın buna görə yubanmasını bəyan etsə də, kənar müşahidəçilər belə düşünmür.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavata qurultayını şadlıq sarayında keçirməyi təklif etdi: "Məqsəd qurultay keçirməkdirsə, qurultayı çox yerdə keçirmək olar. Məqsəd yoxdursa, bəhanə çox olacaq".


S. Novruzovun fikrincə, Müsavat qurultaydan çox şou düzəltmək istəyir: "Çünki iki ildir deyirlər ki, qurultay keçiririk, hətta Gürcüstan, Türkiyəyə gedib çıxmışdılar. Həmin xarici ölkələrdə keçirmək istəyirdilər. Onlar əslində qurultay keçirmək niyyətində deyillər. Çünki daxildə problemlər çoxdur və qurultayda bu, ortaya çıxacaq".

Müxalif cəbhədən Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyevin sözlərinə görə, Müsavat Partiyası illərdir qurultayını elan etsə də, keçirmir. O qeyd edib ki, Müsavat qurultay üçün bilərəkdən Respublika Sarayını istəyə və hökumət də bu sarayı vermədiyi üçün qurultayı keçirməyə bilər.

Müsavat Divanının üzvü Novella Cəfəroğlu 2015-ci il parlament seçkilərinə görə Müsavatın qurultayının seçkidən sonraya qədər yubadılmasını istisna etmir: "İsa Qəmbərin Müsavatdan getməyini istəmirəm. İsa Qəmbər hələ axıradək işini görməyib. Keçən yolda adları dəyişməzlər. İsa bəy ayrı formada olsa da, sədr qalmalıdır. Qəti mövqeyim budur. Kim istəsə öz namizədliyini verə bilər, amma axıra qədər İsa Qəmbərin sədr qalmasını istəyirəm. İsa bəy özü başqanlıqdan gedəcəyini israr etməyi ilə deyil, partiyanın özündə güc olsun ki, desin "heç yana getmə"".

N. Cəfəroğlu S. Novruzovun şadlıq sarayında qurultay keçirilmə ilə bağlı təklifinə "Müsavatın şadlıq sarayında tədbir keçirmək üçün pulu yoxdur"-deyə cavab verib.

Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı ilə yaxın münasibəti olduğunu deyən Divan üzvü Nüşabə Sadıxlı, Arzu Səmədbəyli və Almaz Əliqızının da başqanlığa layiqli olduğunu bildirdi: "Amma İsa bəydən başqa heç kəs Müsavatı idarə edə bilməz. Mən İsa Qəmbərin tərəfindəyəm. Qurultayda İsa Qəmbərin namizədliyi olmazsa, hansı keçər, Allah yolunu açıq etsin, müsavatçıyam, tabe olacağam, şəxsən Novella üçün başqan ancaq İsa Qəmbərdir".

Azərbaycan demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, qurultayın özü vacibdirsə, onun keçirilməməsini yerlə bəhanə etmək doğru deyil. İqtidarın iradəsinə zidd gedirsə, onda qurultayı bəhanə etmək olar. Kommunist Partiyasının birinci qurultayı Londonda keçirilib, burdan durub 9 dəfə xaricə gedib qurultay keçiriblər. Müsavat Partiyası da qurultayını Gürcüstanda keçirməklə bağlı müəyyən mövqe ortaya qoydu. Bu, o halda ola bilər ki, qurultayın keçirilməsi zəruridir, imkan yoxdursa, qurultay harada olur olsun, leqal, qeyri-leqal 5, yaxud 3 nəfərlə keçirirsən. Yəni qurultay fakt kimi vacibdirsə, keçirilir. O yerdə ki qurultayın keçirilməsi birinci dərəcəli deyil, onda iqtidarla iradə mübarizəsi aparır. Görünən odur ki, Müsavat üçün qurultayın keçirilməsi birinci dərəcəli məsələ deyil, iqtidarla iradə döyüşünü üstün tutur".

ADP sədri dedi ki, təşkilati gücünə, siyasi yetkinliyinə, təcrübəsinə görə Arif Hacılı Qubad İbadoğludan çox-çox qabaqdadır: "Müsavatdakı xidmətlərinə, cəmiyyətdə tanınmasına, siyasi mübarizədəki itkilərinə, həbslərinə görə İsa Qəmbərdən sonra rəhbərliyə ikinci mənəvi haqqı olan odur. Müsavat daxili situasiya və bu partiyaya simpatiyası olan insanlar əsasən siyasətçi kimi yox ekspert və iqtisadçı kimi Qubad İbadoğlunun xidmətlərini üstün tuturlar. Bu adam nə qədər nailiyyət əldə edib ki, Türkmənistan prezidenti onu müşavir götürüb, baş nazirin müavini təklif edib. Arif Hacılıya xas olan kriteriyalar Qubad İbadoğluda yoxdur, İbadoğluda olanlar Hacılıda yoxdur. Daha yaxşı olardı ki, Müsavatda Arif Hacılı-Qubad İbadoğlu tandemi yaransın. Biri sədr, o biri Məclis sədri olardı. Yaxud daha geniş səlahiyyətli ikinci adam olardı. Həm regional baxımdan, həm cəmiyyətin partiyaya olan münasibəti baxımından ikisinin tandemi İsa Qəmbəri itkisiz yola salmağa imkan verər. Bu tandem olmayacaqsa, Müsavat Partiyası İsa Qəmbər gedəcəyi təqdirdə itkilərə məruz qalacaq".

ADP sədrinin fikrincə, qurultayı keçirmək Müsavatın strategiyası ilə bağlı olacaq: "Həyati məsələdirsə, keçirəcək. 2015-ci il parlament seçkilərindən o tərəfə də yubada bilər".

NƏRGİZ


Müəllif: