18 Aprel 2014 18:29

Şərqi Ukraynada böhranlı vəziyyətin həllini nəzərdə tutan Cenevrə toplantısında Rusiya bir sıra şərtlərə razılaşmalı olub.

Ukrayna, Rusiya, ABŞ və Avropa Birliyi xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində aparılan müzakirə 2 saatdan da artıq davam edib. Dnışıqlar Moskvanın şərqi Ukraynada özünün diversiya dəstələri və silahlandırdığı separatçılar vasitəsilə destablizasiya yaratmaq mövqeyindən geri çəkilməsilə nəticələnib. Tərəflərin imzaladığı razılaşmaya əsasən onlar bütün zorakı, təhdidedici və təxribatçı hərəkətlərdən çəkinməyi öhdələrinə götürürlər. Tərəflər ekstrimizmin və rasizmin bütün təzahürlərini, dini dözümsüzlüyü, o cümlədən antisemitizmi qətiyyətlə rədd və mühakimə edirlər. Tərəflər qəbul edirlər ki, bütün qanunsuz birləşmələr tərkisilah edilməli, onların zəbt etdiyi binalar, küçə və meydanlar, şəhər və qəsəbələr azad olunmalıdır. Silahı yerə qoyan etirazçılara, hər hansı ciddi cinayətə görə günahkar olanlardan başqa, aministiya tətbiq olunacağına zəmanət verilir.Tərəflər gərginliyin azaldılmasına nəzarət etmək üçün ATƏT Ukraynaya öz misiyasını göndərməsi və bu missiyanın işinə dəstək verilməsi məsələsində də razılığa gəliblər.

Cenevrə danışıqlarını şərh edən politoloq Qabil Hüseynli Teleqraf.com-a açıqlamasında bildirib ki, Cenevrə danışıqları Rusiyanın Ukrayna məsələsində bir addım geri çəkilməsi baxımından Qərb üçün əhəmiyyətli oldu: "Bu, həm də Rusiyanı növbəti addımlardan çəkindirdi. Xarici işlər naziri Lavrov dedi ki, Rusiya Ukraynaya qoşun yeritməyəcək. Bu görüş Rusiyaya həm də şans idi. ABŞ dövlət katibi Con Kerri dedi ki, Rusiya şərtlərə əməl etməsə cəzalandırılacaq. Düşünürəm ki, Ukraynada prezident seçkiləri baş tutacaq. Bu gün Obama və Angela Merkel Ukraynadakı vəziyyəti müzakirə ediblər və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi vacib sayıblar".

Q.Hüseynli qeyd etdi ki, Ukraynanın Şərqində baş verənlər Krım məsələsini unutdurmağa hesablanıb: "Amma dünya Krımı yenə də Ukraynanın ərazisi hesab edir. Düşünürəm ki, Ukraynada siyasi sabitliyi, suverenliyi elə mərkəzi hakimiyyətin özü yaradacaq: "Qərb Ukraynanın iqtisadi, hərbi baxımından güclənməsində maraqlıdır. Bunu həyata keçirəcəklər. Ukrayna güclənəndən sonra özü ərazi bütövlüyünü təmin edəcək, Krımı Rusiyadan geri alacaq. Bu gün Krım rəhbəliyi yerli əhalini iki yerə bölməklə məşğuldur. Rusiya vətəndaşlığını qəbul edənlər yerli əhali, Ukrayna pasportu olanlar isə xaricilər sayılacaq. Ukrayna vətəndaşlığından çıxmayan Krım sakinləri Rusiya üçün əcnəbi sayılacaqlar və onlar 3 aydan bir ölkəni tərk etməli olacaqlar. Bütün bunlar onu göstərir ki, Krımın işğalı Rusiyaya baha başa gələcək. Bu gün Krımın elektrik, su xətləri Ukraynadan gəlir. Krım iqtisadi baxımından Rusiyadan asılıdır. Amma bu proses uzun çəkə bilməz. Rusiyanın Ukraynadan tam olaraq geri çəkilməsinə elə də çox vaxt qalmayıb".

Ayxan


Müəllif: