2 İyun 2014 10:36
454

“Ancaq erməni diasporu Ermənistanı ipoteka altına alıb”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyin ABŞ-ın Türkiyədəki səfiri Fransis Rikkardone ilə görüşündə erməni problemi ilə bağlı məsələlər müzakirə olunub.

Türkiyədə səfir kimi səlahiyyətlər müddəti başa çatan F. Rikkardone görüş zamanı C. Çiçəkdən Ermənistanla əlaqələrin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının TBMM-ə hansı səbəbdən daxil olmadığını soruşub.

C. Çiçək isə öz növbəsində buna səbəb kimi Ermənistanın tutduğu mövqeni göstərib.

“Bir ölkəyə və bir topluma edilə biləcək ən böyük həqarət onu soyqırım həyata keçirməkdə ittiham etməkdir. Bu münasibətlərdə çox ciddi yaralar açır. Baş nazir Ərdoğanın soyqırımı iddiaları ilə bağlı 23 apreldə yayımladığı açıqlamanı yaxşı dəyərləndirmək lazımdır. Təəssüf ki, ABŞ bu açıqlamanı dəyərləndirmədi”, - deyə Çiçək vurğulayıb.

TBMM sədri Türkiyənin bu məsələdə 3 önəmli addım atdığını söyləyib. Onun sözlərinə görə, prezident və xarici işlər nazirinin Ermənistana səfər etməsinə baxmayaraq, qarşı tərəf bir addım da olsa, atmayıb: «Qafqaz bölgəsində sülhün təmin olunması üçün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması lazımdır. Ancaq erməni diasporu Ermənistanı ipoteka altına alıb. ABŞ-ın da daha ədalətli, problemin həllinə töhfə verəcək mövqe tutması gərəkdir»./apa/


Müəllif: