3 İyun 2014 15:56

Mehman Səlimov: “Nəinki müharibə dövründə bu, indidə həyata keçirilir”

Üzeyir Cəfərov: “Generallar uzun illər Silahlı Qüvvələrə fayda verə bilər”

Səfər Əbiyevin müdafiə naziri postundan kənarlaşdırılaraq, yerinə Zakir Həsənovun təyin edildiyi son 8 ayda Nazirliyi rəhbərliyində köklü kadr dəyişikliyi həyata keçirilməyə başlanıldı.

Bunun nəticəsi olaraq, bir sıra yüksək rütbəli zabitləri – generalları, polkovnikləri yeniləri əvəz etdi. Bu zabitlərin bir hissəsi ehtiyata buraxılsa da, digərləri yaşlarına görə istefaya göndərildi.

Azərbaycanla Ermənistan arasında atəşkəs anlaşması imzalandıqdan sonra aktiv döyüş əməliyyatları dayandırılıb. Torpaqlarımızın işğal altında olduğunu nəzərə aldıqda müharibənin başlayacağa istisna deyil. Görəsən, aktiv döyüş əməliyyatları zamanı ehtiyata buraxılmış generallar, polkovniklər xidmətə çağırıla bilərmi?

Müdafiə Nazirinin şəxsi heyətlə iş üzrə sabiq müavini, polkovnik Mehman Səlimov bildirib ki, müharibə dövründə ehtiyata buraxılan yüksək rütbəli zabitlər yenidən xidmətə çağırıla bilər. Onun sözlərinə görə, əgər ehtiyac varsa, ehtiyata buraxılmış zabit nazirin əmri ilə yenidən xidmətə qayıdır:

“Bu məsələ nazirin səlahiyyətindədir. Hətta yaş həddini keçmiş olsa belə, ehtiyac olduğu sahədə həmin şəxs təyinat alır. Əksər hallarda da belə olur, yəni ehtiyata buraxılan general və ya digər yüksək rütbəli zabitlər ehtiyac olduğu halda çağrılır”.

M.Səlimov deyib ki, yaş həddini keçmiş zabitlər xidmətə çağırılmır:

“Amma zərurət olarsa, qanunla belə generalların və ya digər rütbəli şəxslərin də geri qaytarılmasına qadağa qoyulmur. Nəinki müharibə dövründə bu indidə həyata keçirilir. Müdafiə naziri dəyişildikdən sonra ehtiyatda olan bir çox zabit xidmətə çağırılması da buna bir nümunədir. Bunların içərisində sağlamlığına və digər səbəblərə görə ehtiyata buraxılanlar da var. Bu gün mən ehtiyatdayam və nə vaxt çağırsalar, canla-başla xidmətimi davam etdirərəm”.

Hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, generallar ehtiyata göndərilərkən onların yaş həddi nəzərə alınır. Onun sözlərinə görə, kimi ehtiyata göndərilir, kimi isə ehtiyat müddəti keçdiyi üçün istefada olanlar kateqoriyasına daxil edirlər:

“İstefada olanlar kateqoriyasında olan generallar sözsüz ki, hərbi xidmətə cəlb olunmurlar. Sabah hər hansı zərurət yaranarsa, bu kateqoriyaya aid edilənlərin istifadəsi qeyri-mümkün olacaq. Ehtiyatda olanlar isə xidmətə çağırıla bilərlər. Necə ki, indi çağırılırlar. Çox təəssüflər olsun ki, Azərbaycan reallığında bu təcrübədən maksimum istifadə olunmur. Hərçənd istifadə olunsa, daha yaxşı olar”.

Ü.Cəfərovun sözlərinə görə, ehtiyatda olan generallar arasında təcrübəli şəxslər var və onlar öz sahələrini gözəl bilirlər. O qeyd edib ki, bu generallar uzun illər Silahlı Qüvvələrimizə fayda verə bilər:

“Müharibə dövründə ehtiyata buraxılan zabitlər öz sahələri üzrə xidmətə cəlb edilirlər. Azərbaycanda bütün sahələr üzrə general, admiral və ya polkovnik rütbəsində olanlar da var. Sadəcə olaraq, onlardan öz istiqamətləri üzrə istifadə edilmədiyi üçün bəzi sahələr axsayır. Ona görə ki, peşəkarlar bilavasitə öz sahələrində istifadə olunsalar, işləri həm özlərinə xeyir verə bilər, həm də bilik və bacarıqlarını tabeliyində olan şəxsi heyətə də lazımi şəkildə çatdıra bilərlər”.

BƏXTİYAR


Müəllif: