3 İyun 2014 16:41
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlıları Konqresi (DAK) İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin Təbrizdə Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara etiraz bəyanatı yayıb.

DAK-dan Teleqraf.com-a daxil olan bəyanatda bildirilir ki, səfir ölkəmizin daxili işlərinə müdaxilə hesab oluna biləcək fikir və mülahizələrə yer verib: "O, Azərbaycanda nəşr olunan dərsliklərdə tarixi təhriflərə yol verildiyini bildirmiş, onların aradan qaldırılması üçün Azərbaycanla İranın xüsusi komitə formalaşdırdığını bildirib. Səfir öz açıqlamasında beynəlxalq hüquq normalarından kənara çıxmaqla bir neçə dəfə Azərbaycan dövlətinin daxili işlərinə qarışıb.

Biz DAK olaraq bildiririk ki, Azərbaycan müstəqil və suveren dövlətdir və o, daxili və xarici siyasət kursunu özü müəyyənləşdirir: onun daxili işlərinə qarışmaq, ölkədə gedən ictimai-siyasi proseslərə kənardan müdaxilə etmək yolverilməzdir. Azərbaycan dövlətinin özü beynəlxalq hüquq prinsiplərinə əməl etməklə bərabər, həm də özünə qarşı münasibətdə digər dövlətlərdən də bunu tələb etmək haqqı var. Səfir daha sonra Quzey və Güney Azərbaycanda milli birlik istəyinin də guya müəyyən radikal qüvvələr tərəfindən ortaya gətirildiyini, hadisələrin hər iki tərəfdə bilərəkdən qızışdırıldığını və bunun xarici təşkilatlatların marağına xidmət etdiyini vurğulamışdır. O, bir xalqın birləşmək arzusunu və bu yolda aparılan mübarizəni təhrikçi qüvvələrin fəaliyyətinin nəticəsi kimi qələmə vermişdir. Halbuki, cənab səfir özü də yaxşı bilir ki, millətin birləşmək, qovuşmaq arzusu onun öz içindən gəlir, burada hansısa siyasi ambisiya və təhrikçilikdən söhbət gedə bilməz. Bu, tarixi ədalətsizliyə, bir xalqın imperiyalar əli ilə parçalanmasına qarşı millətin içində zaman-zaman gəzdirdiyi etiraz hissinin reallaşmasıdır. Təkcə XX yüzillikdə Güneydə bu xalq bir neçə dəfə ayağa qalxaraq öz azadlıq və istiqlalı uğrunda səngərlərə atılmış, şah ordulari ilə ölüm-dirim mübarizəsinə girişmişdir. Səttar xan hərəkatı, Şeyx Məhəmməd Xiyabanı inqilabı, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında gerçəkləşən “21 azər nehzəti” buna parlaq misal ola bilər. Təkcə sonuncu milli hərəkatı boğmaq üçün İranın şah rejimi 30 min azərbaycanlını edam etmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamış, millət öz haqqı uğrunda bu gün də meydanlara atılmağa hazırdır. 2008-ci ildə Azərbaycan xalqının bütün İranı bürüyən etirazı da məhz əvvəlki böyük mübarizələrin davamı sayıla bilər. Təəssüf ki, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin millətin müstəqillik arzusunu və idealını hansısa naməlum qüvvələrlə bağlamaqla onu kiçiltməyə, dəyərsizləşdirməyə çalışmışdır. Bir daha təkrar edirik ki, bu, həm də tarixi qonşuluq baxımından düzgün deyil, iki dövlət və bu dövlətlərin xalqları arasında qarışılıqlı inam və etimada kölgə salmaqdır".

DAK tələb edir ki, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri öz açıqlamalarında yol verdiyi siyasi xətalara aydınlıq gətirsin və Azərbaycan xalqından üzr istəsin.

Ayxan


Müəllif: