4 İyun 2014 13:25
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat başqanı cəmiyyətdə nüfuzu, kifayət qədər beynəlxalq əlaqələri olan, bir neçə xarici dili bilən şəxs olmalıdır”.

Bu sözləri Teleqraf.com-a Müsavatın keçmiş Məclis və Divan üzvü, professor Adil Qeybulla deyib.

Partiyanın iyunun 28-nə təyin olunan qurultayı barədə ancaq mətbuatdan məlumat əldə etdiyini deyən A.Qeybulla qeyd etdi ki, işlərinin çoxluğundan partiyanın işində fəal ola bilmir.

Onun fikrincə, beynəlxalq əlaqələr, xarici dil bilgisi və nüfuz Müsavat başqanlığına namizəd üçün vacib faktorlardır: “Hələ namizədliyini konkret şəkildə irəli sürənlər yoxdur. İdeal variant çox çətindir, amma sadaladığım xüsusiyyətləri özündə cəmləyən şəxsin üzərində dayanmaq daha məqsədəuyğun olardı. Namizədlər rəsmən irəli sürüləndən sonra bu barədə daha rahat münasibət bildirmək olar. İndi fikrimi açıq şəkildə bildirsəm, tərəfkeşlik etmiş olaram. Çünki mövqe bildirmək artıq təbliğatdır.”

O, vurğulayıb ki, partiya başqanı olmaq niyyətində deyil: “Açığı, vaxtım da yoxdur. Partiyanın siyasi həyatında fəal çalışan şəxslər partiyanın başqanı ola bilər. Çünki həmin insan fəaliyyətini və bütün ömrünü partiyaya həsr eləməlidir. Başqanlıq ciddi məsələdir”.

A.Qeybulla Divan üzvü Novella Cəfəroğlunun nizamnamədə dəyişiklik etməklə İsa Qəmbərin başqanlıqda qalması barədə səsləndirdiyi fikirlərə belə münasibət bildirib: “Artıq ox yaydan çıxıb. Partiya nizamnaməsinə maddə salınıb, bunun üzərindən xeyli vaxt keçib. Gecikirik. Arzudur, amma reallıqların diqtəsi başqa şeydir. Hesab edirəm ki, o məsələ aktual deyil”.

Professor hesab edir ki, qurultay məsələsi xeyli uzandı və ona görə də müxtəlif mülahizələrə səbəb olub: “Nə qədər ki, yer məsələsi dəqiqləşməyib, vaxt təyin olunsa da, qurultayın keçirilməsi müəmmalı olaraq qalır”.

O, qurultayın çadırda keçirilməsinin mümkünlüyündən də danışıb: “Hər cür yozumlar var. İnsanların fikirlərinə də hörmətlə yanaşmaq lazımdır. Azərbaycan siyasətində və müxalifətində aparıcı partiya olan Müsavatın kifayət qədər elektoratı və sosial bazası var. Qurultayın keçirilməsi üçün nisbətən normal yer lazımdır. Amma istənilən situasiyadan çıxış yolu tapmaq olar. Qurultay istər çadırda, istərsə də təmtəraqlı sarayda olsun, o, partiyanın roluna cəmiyyətdəki nüfuzuna elə bir təsir göstərmir. Əlbəttə, daha yaxşı olardı ki, münasib yerdə keçirilsin. Belə yer olmadığl təqdirdə reallıqdan çıxış etmək lazımdır”.

Qeyd edək ki, 1911-ci ildə qurulmuş Müsavat Partiyası indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 2006-cı ildə olub. Müsavatın 8-ci qurultayının gündəliyində əsas məsələ başqan seçkisidir. Partiya nizamnaməsi eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Bu o deməkdir ki, 2001, 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilmiş İsa Qəmbər postundan getməlidir. Müsavat Bakı meriyasına dəfələrlə yerlə bağlı müraciət etsə də, partiyanı qane edən cavab gəlməyib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavata qurultayını açıq havada, çadırda keçirməyi təklif etmişdi: “Müsavat qurultayını keçirmək istəyirsə, istənilən yerlə müqavilə bağlaya bilər. Bu şadlıq evi, otel, digər özəl müəssisə də ola bilər və yaxud da açıq havada, çadrda keçirə bilər. Müsavata Bakı Şəhər İcra Hakimiyyəti 600 -1200 nəfərlik yer verib, amma istəmirlər. Burada əsas səbəb sədrlik məsələsidir. Bilirlər ki, İsa Qəmbər sədr seçilməyəcək. Ona görə də məsələni uzadacaq və bundan şou düzəldəcəklər”.

Müsavat başqanının müşaviri Səxavət Əlisoy bu təklifi müsbət qarşılamışdı. O, Müsavatın qurultayının çadırda və ya Facebook sosial şəbəkəsində keçirilə biləcəyini söyləmişdi.

Nərgiz


Müəllif: