5 İyun 2014 16:52
465

Vitse-spiker: “1990-cı ildən bu yana Ermənistan Azərbaycanda 30-dan çox terror aktı törədib”

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, vitse-spiker Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışıb, bildirib ki, iki ölkə arasında ticari-iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror aktı törətdiyini deyən Ziyafət Əsgərov qonaqlara Xocalı soyqırımı haqqında məlumat verib. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirdi.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdulla ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu söylədi. O, bildirdi ki, həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq, enerji sahəsində təcrübə və məlumat mübadiləsinin, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

Səudiyyə Ərəbistanının daim sülhü dəstəklədiyini deyən Abdulla ibn Məhəmməd Ən-Nasir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd etdi.

Nemət


Müəllif: