11 Dekabr 2015 13:04
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Eyni zamanda məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq. Dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İranın istifadəsinə verilməsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq.

Məscidin binası İranın mədəniyyət mərkəzi kimi istifadə ediləcək.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, azərbaycanlıların irsini bütünlüklə Qərbi Azərbaycandan və Qarabağdan itirmək üçün ermənilər mövcud abidələrimizi fars abidələri kimi qeydiyyata alır və təbliğatlarını bu istiqamətdə qurular. Onun sözlərinə görə, ermənilərin bu addımı indiki məqamda İranın da işinə yarayır və onlara bildirirlər ki, burada heç azərbaycanlılar yaşamayıb: “Burada məhz Azərbaycana və azərbaycançılığa qarşı siyasət yürüdülür. 1953-cü ildə qəbul olunmuş Haaqa konvensiyasına görə heç bir vaxt yol verilmir ki, bir xalqa məxsus olan hansısa bir abidənin və ya milli əşyaların adı, forması dəyişdirilsin, eləcə də başqasına icarəyə verilsin. Hətta müharibə dövründə, yəni bir dövlət digərinin ərazisini işğal edərsə, işğalçı dövlətə belə haqq qazandırılmır ki, milli-mədəni sərvətləri ya talasın, adı dəyişdirilsin və yaxud başqa bir addımlar atılsın. Bu konvensiyalarda hər bir məsələ ən kiçik detalına qədər əks olunub, amma buna əməl edilməsi başqa məsələdir. Məsələn, dəfələrlə UNESCO-ya işğal altındakı tarix və mədəniyyət abidələrinin məhv edilməsi ilə bağlı müraciət etmişəm. Onlar mənə cavabında qeyd ediblər ki, bizim belə dövlətlərə təsir mexanizmimiz yoxdur”.

F.İsmayılov əlavə edib ki, bu məsələnin həll üçün Azərbaycan BMT-yə və UNESCO-ya müraciət edə bilər: “Xarici İşlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi bu məsələni beynəlxalq qurumlar qarşısında qaldırmaqla qeydiyyat məsələsini, o cümlədən icarə müqaviləsini ləğv etdirə bilər. Eyni zamanda vətəndaş cəmiyyəti bu istiqamətdə maarifləndirməni, o cümlədən beynəlxalq səviyyədə bu problemin səsləndirilməsini aktivləşdirə bilər. 200-300 qeyri-hökumət təşkilatı UNESCO-ya, BMT-yə ermənilərin hərəkətlərinin qarşısının alınması üçün müraciət ünvanlaya bilər. Hesab edirəm ki, bu yolla işin müsbət həllinə nail olmaq olar”.

Qeyd edək ki, Göy məscid İrəvanda yaşamış azərbaycanlılara məxsus olub.

Məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi olub. Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi.

1995-2006-cı məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.

BƏXTİYAR


Müəllif: