19 Aprel 2014 20:49
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 19 aprel tarixində nazir Elmar Məmmədyarov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət konqresmenləri qəbul edib.

Teleqraf.com Xarici İşlər Nazirliyinə istinadən məlumat verir ki, görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə ABŞ arasında əlaqələrin inkişaf etdirilməsində parlament diplomatiyasının və ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

Müxtəlif səviyyələrdə ABŞ nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və ölkəmiz haqqında ABŞ-da daha dolğun təsəvvürün yaranmasına xidmət etdiyini qeyd edən nazir Elmar Məmmədyarov bu qəbildən olan səfərlərin intensivliyinin artırılmasının vacibliyini bildirmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında ABŞ nümayəndə heyətinə məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionun hərtərəfli inkişafına və regionda müəyyənliyin artmasına xidmət edəcəyini qeyd etmişdir.

Nazir Elmar Məmmədyarov Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu xatırladaraq, Ermənistan ilə münasibətlərin qurulması üçün Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətindən əl çəkməli və ilk növbədə Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


Müəllif: