7 Aprel 2014 17:37
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq dövlət xadimi: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi böyük düşüncə mərkəzinə çevrilib”

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Türkiyədə silsilə görüşlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, sabiq xarici işlər naziri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətinlə Ankarada baş tutan görüşdə forumda müzakirə ediləcək mövzular haqda fikir mübadiləsi aparılıb. Müzakirədə əsas diqqət II Müştərək Cəmiyyətlər Forumunun əsas mövzularından biri olan münaqişələrin həllinə ayrılıb.

Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə də toxunan H.Çətin bildirib ki, təşkilat artıq bir beynəlxalq təşəbbüs olaraq böyük düşüncə mərkəzinə çevrilib. Qeyd edək ki, forumda H.Çətinin iştirakı və çıxışı nəzərdə tutulub.

Misirin paytaxtı Qahirədə isə foruma hazırlıqla əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldinin rəhbərliyi ilə təşkilat komitəsinin son toplantısı keçirilib. Toplantıda iştirak edən Latviyanın keçmiş prezidenti Vayra Vike Frayberqa, Boliviyanın keçmiş dövlət başçısı Jorge Quiroga, Niderlandın keçmiş baş naziri Vim Kok, BMT-nın Hökumət Komissiyasının sədri, YUNESKO və Ümümdünya Telekommunikasiya Birliyinin Brodband komissarı, səfir Valter Füst forumda müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən ilin mayında Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun davamı olan II Qlobal Müştərək Cəmiyyətlər forumu aprelin 27-30-da baş tutacaq. Forumda 200-dək keçmiş dövlət və hökumət başçısının, eləcə də nüfuzlu elm adamının, ictimai xadimlərin iştirakı gözlənilir.


Müəllif: Teleqraf.com