5 İyun 2014 19:15
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmamış İçkeriya Çeçen Respublikasının Fransadakı səfiri Teleqraf.com-a danışdı

“Ukraynada bir nəfər belə “çeçen döyüşçüsü” yoxdur”. Bu fikirləri Teleqraf.com-a açıqlamasında tanınmamış İçkeriya Çeçen Respublikasının Fransadakı səfiri Musa Taipov deyib. Onun sözlərinə görə, rusiyapərəstlər arasında bir neçə “çeçendilli” rusiyalı ola bilər: “Onlar hər bir halda Rusiya vətəndaşıdır. Digər rusiyalılar kimi onlar da Rusiya Federasiyasında yaşayırlar. Ruslar, gürcülər, yəhudilər, tatarlar, dağıstanlılar kimi çeçenlər də bu ölkənin vətəndaşıdır. Biz heç vaxt rusiyalıların milli mənsubiyyətinə diqqət yetirməmişik. Rusiya tərəfindən işğal edilən İçkeriya Çeçen Respublikasının vətəndaşları, çeçenlər – öz xalqının vətənpərvərləri Ukraynada yoxdur. Əgər Ukrayna bizə rəsmi şəkildə kömək üçün müraciət etsə, inkar etmirəm ki, biz bu yadım göstərə bilərik. Hər halda mən şəxsən İçkeriya Çeçen Respublikasının təmsilçisi kimi Ukraynaya rəsmən açıq yardım göstərilməsi üçün heç bir maneə görmürəm. Ukrayna ərazisinə müdaxilə edən rusiyalı terrorçular haqqında heç bir rəsmi məlumatımız yoxdur”.

M.Taipov deyib ki, çeçenlər Ukrayna hadisələrinə Rusiyanın müstəqil dövlətə hərbi müdaxiləsi kimi yanaşır. Onun sözlərinə görə, müstəqil Ukraynanın bir hissəsi olan Krım muxtariyyəti artıq Rusiya tərəfindən anneksiya olunub və Rusiya Federasiyasının bir hissəsi olaraq Kreml tərəfindən tanınıb:

“Eyni mövqeyi Rusiya İçkeriya Çeçen Respublikasına qarşı da tətbiq edib. Bizdən sonra isə Abxaziya və Osetiya Gürcüstanın əlindən alınıb, “müstəqil respublika” kimi tanınıb. Bu ssenari hazırda Ukraynanın şərqində reallaşdırılır”.

Teleqraf.com-un siyasət şöbəsi


Müəllif: