6 İyun 2014 17:29

“Bəri başdan qeyd edim ki, sizin dediyiniz məlumatın sərlövhəsində səhvə yol verilmişdi. Yeri gəlmişkən, həmin informasiya agentliyi bu məlumatın sərlövhəsinə dəyişiklik edib. Üstəlik, ATƏT-in Parlament Assambleyasının sessiyasının gündəliyi hələ təsdiq edilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov AzərTAc-a müsahibəsində deyib.

O.Əsədov deyib: “Əlbəttə, Ukraynada baş verən hadisələr bizi çox narahat edir. Biz Rusiya tərəfinin narahatlığını da başa düşürük. Belə məsələlərdə Azərbaycan həmişə münaqişələrin beynəlxalq hüquq çərçivəsində dialoq yolu ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir. Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın da ərazi bütövlüyünü tanıyırıq.

Rusiya ilə qarşılıqlı maraqlar baxımından mövqelərin yaxınlaşması məsələsinə gəldikdə isə, qeyd etmək istəyirəm ki, Azərbaycan və Rusiya parlamentariləri beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq edirlər. İki və ya daha artıq dövlətin nümayəndələrinin öz milli mənafelərinə uyğun olaraq vahid mövqedən çıxış etməsi beynəlxalq təcrübədə adi haldır.

Bir daha təkrar edirəm, Azərbaycanın parlament diplomatiyası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu, beynəlxalq parlament strukturlarının tədbirlərində dəfələrlə qeyd edilib”.

Qeyd edək ki, Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olub. Rusiya Dövlət Dumasının dəvəti ilə təşkil edilmiş səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin və Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə görüşüb.

Rusiyanın mərkəzi dövlət informasiya agentliyi olan İTAR-TASS Dövlət Dumasının sədri S.Narışkinlə O.Əsədovun görüşünün yekunları barədə məlumatının sərlövhəsində göstərib ki, ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasında Azərbaycan Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləyəcək.

Səxavət


Müəllif: