10 İyun 2014 17:39
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gövhər Baxşəliyeva: “Əlaqələri genişləndirmək məqsədilə çoxlu layihələr həyata keçirilməlidir”

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çox səmərəli fəaliyyət göstərir. Bu amilin türk dövlətləri və xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin və inteqrasiya proseslərinin möhkəmlənməsinə böyük töhfə verəcəyi şübhəsizdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, qloballaşan dünyada inteqrasiya prosesləri getdikcə daha böyük vüsət alır. Onun sözlərinə görə, xalqlar və ölkələr sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər belə əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxır:

“Planetimiz getdikcə sərhədsizləşir. Təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil. Bu, türkdilli ölkələrə də aiddir. Öz müstəqilliyinin artıq 23-cü ilini yaşayan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın siyasət, iqtisadiyyat, sosial həyat, hüquq və digər sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması və bazar iqtisadiyyatı infrastrukturunun yaradılması prosesində xeyli tərəqqi olduğunu və bunun onların dünya birliyinə inteqrasiyasına kömək etdiyi xüsusi vurğulanmalıdır. Beynəlxalq iqtisadi əməkdaşlığın nümunəsi kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması sahəsində görülən işlər, TRASEKA, tarixi “Böyük İpək yolu”nun bərpası layihələrinin həyata keçirilməsi türkdilli xalqların bir-birinə və bütövlükdə dünyaya inteqrasiyasına bariz nümunədir. Türkdilli ölkələr arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək məqsədilə ikitərəfli və çoxtərəfli layihələrin, xüsusən sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm sahəsində layihələrin hazırlanması və həyata keçirilməsi çox əhəmiyyətlidir”.

Səxavət


Müəllif: