7 Aprel 2014 18:29

Fələstinin Rusiyadakı səfiri Fayed Mustafa İsraillə olan danışıqlar mexanizmini yenidən nəzərdən keçirməyə və nizamlanma prosesinə Rusiya və Aİ daxil olmaqla “kvatet”in cəlb olunmasını təklif edir. “RİA Novosti” xəbər verir ki, səfir İsraillə aparılan danışıqlar prosesi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda İsraillə olan danışıqların praktiki olaraq dayandırılmasına görə, “tərəflər dərs götürməlidirlər”.

Mustafa həmçinin vurğulayıb ki, Fələstin-İsrail danışıqlarında vasitəçi kimi çıxış edən ABŞ nümayəndələri bağlı qapılar arxasında keçirilən görüşlərdə etiraf edirlər ki, “İsrail tərəfi prosesi ləngidir, lakin ABŞ heç vaxt açıq şəkildə bunu etiraf etmir”. Səfir bildirib ki, tərəflər gələcəkdə aparılacaq sülh danışıqlarında Rusiya və Aİ-nin mövqeyini də nəzərə almalıdırlar. Onun sözlərinə görə, aprelin 29-da başa çatmalı olan Fələstin-İsrail dialoqunun bərpa olunması məsələsində Fələstin ABŞ-la əməkdaşlığı davam etdirəcək.

“Biz Amerika tərəfi ilə aprelin 29-dək əməkdaşlığı davam etdirəcəyik”. -deyə, bildirən səfir vurğulayıb ki, Ərəb Ölkələri Liqasının XİN rəhbərlərinin aprelin 9-da keçirilən iclasında Fələstin – İsrail danışıqları ətrafındakı vəziyyət müzakirə ediləcək.

Danışıqlar hazırkı durumu barədə İsrailin xarici işlər naziri Aviqdor Libermanda danışıb. Nyu-yorkda keçirilən konfransda çıxış edən Liberman Fələstin rəhbərlərinin hərəkətlərini “şantaj” adlandırıb. Onun sözlərinə görə, bu hərəkətlər əvvəli razılaşmalara qayıtmağa imkan vermir:

“İsrail heç nə olmamış kimi fələstinlilərlə əldə edilən razılaşmalar paketinə qayıda və yeni terrorçulardan ibarət məhbus qrupunu azad edə bilməz. İsrail istənilən vaxt dünyanın istənilən nöqtəsində danışıqları davam etdirməyə hazırdır, lakin əvvəlki təkliflər artıq aktual deyil”.


Müəllif: Teleqraf.com