21 Aprel 2014 13:14
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının "Təlim və İnkişaf İnstitutu" və onun Azərbaycandakı tərəfdaşı "İnkişaf Naminə İdman" İctimai Birliyi tərəfindən həyata keçirilən "Beynəlxalq İdman Proqramı Təşəbbüsü: Azərbaycanda əlilliyi olan gənclər üçün idman" layihəsi çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər edəcək.

Teleqraf.com-un ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, layihədə iştirak edən 13 mütəxəssis və bir müşayiətçi ABŞ-a üç həftəlik səfər edəcək. Səfər 2014-cü ilin sentyabr ayının 27-dən oktyabr ayının 17-dək davam edəcək.

Məlumatda qeyd olunur ki, Azərbaycan nümayəndə heyəti amerikalı mütəxəssislər və əlilliyi olan gənclərlə birgə təlim, idman və sosial fəaliyyətlərə cəlb olunacaqlar. ABŞ kolleclərindən olan məruzəçilər əlillik və əlil idmanı ilə bağlı Birləşmiş Ştatların tarixi və təcrübəsindən mühazirələr oxuyacaqlar. Əlillik və idman mütəxəssisləri ilə təşkil olunacaq müzakirələrdə dövlət və özəl qurumların müvafiq sahədəki vəzifələrindən danışılacaq, habelə ixtisaslaşdırılmış və inteqrasiyalı proqramların faydasına toxunulacaq. Əlillik və idman sahəsində ixtisaslaşan qurumlara və məktəblərə səfər zamanı Azərbaycan nümayəndə heyəti xüsusi qayğıya ehtiyacı olan ABŞ gəncləri və onlara xidmət edən proqramlarla yaxından tanış olmaq imkanı qazanacaqlar.

Layihədə iştirak üçün yalnız ümumtəhsil orta məktəbinin fiziki tərbiyə müəllimləri, məşqçilər, idman təlimatçıları və əlillik üzrə ixtisaslaşan özəl, həmçinin ictimai müəssisələrdə çalışan işçilər müraciət edə bilərlər.

İştirak üçün müraciət edən fiziki tərbiyə müəllimlərindən əlillik, əlilliyi olan şəxslərlə işləyən mütəxəssislərdən isə idman sahəsində əvvəlki iş təcrübəsi tələb olunmur. ABŞ-a səfər zamanı nümayəndə heyəti üçün tərcüməçinin təşkil olunduğunu nəzərə alaraq iştirakçıların ingilis dili bilməsi vacib deyil. Layihədə iştirak üçün əlilliyi olan şəxslər də müraciət edə bilərlər. Onların səfər zamanı yaranmış ehtiyacları muvafiq qaydada ünvanlanacaqdır.

Layihə Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.


Müəllif: