1 Aprel 2016 10:20
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqton Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Yukiya Amano ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, nazir görüşdə Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya Düzəlişin Azərbaycan tərəfindən təsdiq edilməsi barədə sənədi depozitari rolunda çıxış edən AEBA-nın baş direktora təqdim edib.

Baş direktoru Azərbaycanın Düzəlişi təsdiqlənməsinin sənədin qüvvəyə minməsi istiqamətində həyata keçirilən səylərə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. AEBA tərəfi son zamanlar bu sahədə böyük irəliləyişlər əldə edildiyini və yaxın vaxtlarda Düzəlişin qüvvəyə minəcəyinə ümidvar olduğunu bildirib.

Yukiya Amano daha sonra səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verib. AEBA-nın öz təcrübəsi ilə xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

O, AEBA ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsinə görə razılığını ifadə edərək, cari ilin 15 aprel tarixində sözügedən mərkəzin açılışında yüksək vəzifəli AEBA rəsmisinin də iştirak edəcəyini diqqətə çatdırıb.

Nazir isə su ehtiyatlarının idarə edilməsi və kənd təsərrüfatı kimi sahələr də daxil olmaqla, AEBA ilə əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin və bu məqsədlə AEBA mütəxəssisləri ilə məsləhətləşmələrin intensivləşdirilməsinin ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb.

Görüş zamanı həmçinin, Ermənistanda yerləşən və bölgəmiz üçün ciddi təhlükə mənbəyi olan köhnəlmiş “Metsamor” atom elektrik stansiyasının fəaliyyətindən irəli gələn təhdidlər əsas müzakirə mövzusu olub.

Səxavət


Müəllif: