1 Aprel 2016 13:16
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da səfərdədir.

Dövlət başçısının səfəri olduqca məhsuldar keçib, səfər müddətində ABŞ-ın yüksək vəzifəli rəsmi şəxsləri, həmçinin konqresmenlərlə, müxtəlif təşkilatların təmsilçiləri ilə, ictimai xadimlərlə çoxsaylı ikitərəfli görüşlər baş tutub. Prezident İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ABŞ prezidenti Barak Obamanın adından verilən naharda iştirak edib. Demək mümkündür ki, Azərbaycan Prezidentinin səfəri Azərbaycanla ABŞ arasında fəal siyasi dialoqun, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcudluğunu göstərib.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə səfəri çox yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, bu səfər və sammitdə iştirak Azərbaycana imkan verir ki, öz fikirlərini dünya ictimaiyyətinin diqqətinə çatdırsın və bölgədə olan təhdidlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırsın. Deputat qeyd edib ki, bununla yanaşı, ABŞ-da keçirilən bir sıra görüşlər Azərbaycan-Amerika münasibətlərinin inkişafına xidmət edir. Azərbaycanın həyata keçirdiyi bölgədə böyük layihələrə ABŞ-ın çox ciddi dəstəyi var və keçirilən görüşlərdə ölkəmizin önəmi xüsusi vurğulandı:

“Azərbaycan və ABŞ nəqliyyat, enerji sahəsində, eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq edirlər. Azərbaycan antiterror koalisiyasının çox fəal üzvüdür və beynəlxalq terrordan əziyyət çəkmiş Azərbaycan çox gözəl anlayır ki, bu insanlara qarşı olan cinayət hamı üçün böyük bir təhlükədir. Bu sahədə də əməkdaşlığımız zənnimcə davam edəcək. Ona görə də bu səfər çox uğurlu səfərdir. Siyasətçilər, hökumət nümayəndələri ilə yanaşı Amerika ictimaiyyətinin, biznes dairələrinin nümayəndələri ilə görüşlər keçirilərək Azərbaycana Amerika Birləşmiş Ştatları investisiyalarının cəlb edilməsi, Amerika-Azərbaycan iqtisadi münasibətlərinin genişlənməsi ilə bağlı müvafiq görüşlər, fikir mübadiləsi aparıldı. Mənə elə gəlir ki, bu da gələcək münasibətlərdə çox müsbət irəliləyişin olacağının əsasını qoydu”.

Azərbaycan-Amerika münasibətlərinin inkişaf dinamikasını xarakterizə edən A.Mollazadə bu münasibətlərin inkişaf edən bir münasibət olduğunu vurğulayıb: “Azərbaycan-Amerika əlaqələri daimi inkişaf edən proseslərdir. Çətinlik də ilk növbədə ABŞ-ın daxilində, hətta Amerikanın özünün maraqlarına zidd olaraq çox ciddi təşkilatlanmış, zəngin erməni lobbisinin fəaliyyət göstərməsi və Azərbaycanın bölgədə həyata keçirdiyi proqramlardan narahat olan digər qüvvələrin təbii ki, bu münasibətləri pozmaq istəməsindən, münasibətlərə xələl gətirmək istəməsindən ibarətdir. Ona görə də Prezidentin səfəri mənə elə gəlir ki, bu qüvvələrin əməllərini dəf etmək üçün çox gözəl bir imkandır. Mən əminəm ki, bizim Amerika ilə münasibətlərimiz Azərbaycanın həyata keçirdiyi strateji proqramlara, layihələrə yeni bir dəstək qazandıracaq. Əminəm ki, Azərbaycanın həyata keçiridiyi strategiya Amerikanın da maraqları ilə üst-üstə düşür. Bu istiqamətdə əməkdaşlıq daha da genişlənəcək”.

Səxavət HƏMİD


Müəllif: