1 Aprel 2016 18:18

“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ siyasətçiləri və işgüzar dairələri ilə görüşlər keçirəndə Ermənistanın KİV-i, eləcə də Azərbaycanda bəzi müxalifət dairələri, jurnalist və siyasətçilər boşboğazlıq edirdilər ki, ABŞ tərəfindən Azərbaycana qarşı “təcridetmə” siyasəti yürüdülür. Amma həmişəki kimi, bu iddianı ortaya atanlar rüsvay oldular, çünki bunlar reallığı əks etdirmir. İndi nə onların, nə də Ermənistan mediasının səsi çıxır”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çərçivəsində ABŞ dövlət katibi Con Kerri, ABŞ-ın ticarət naziri Penni Pritzker, Konqresin tanınmış üzvləri, Karnegi Fondunun prezidenti Uilyam Börns, nüfuzlu yəhudi təşkilatlarının rəhbərləri, işgüzar dairələrin nümayəndələri və başqaları ilə görüşüb və bu görüşlər davam edir.

Deputat ABŞ-da səfərdə olan Ermənistan Prezidentinə heç kəsin diqqət yetirmədiyini qeyd edib: “Serj Sarkisyana gəlincə, nə erməni mətbuatı, nə də onun müxalif tənqidçiləri danışır, hamısı ağzına su alıb oturublar. Çünki Ermənistan Prezidentinin ABŞ-da olmasına heç kim fikir vermir. Sarkisyanın mətbuat xidməti onun keçirdiyi hər hansı əhəmiyyətli görüş barədə məlumat verməyib. Yalnız onun martın 30-da Harvard Universitetinin Con Kennedi adına idarəetmə məktəbində oxuduğu mühazirə haqda qısa məlumat yayılıb. Çox gülməlidir, Sarkisyan Harvadda mühazirə oxuyub? Əslində o, Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktından danışmalı, onun rəhbərliyi altında işğal edilmiş Azərbaycan ərazilərində həyata keçirdiyi soyğunçuluq və talançılıq siyasətindən, Robert Koçaryanla Ermənistanda yaradılmış kriminal-oliqarx rejim haqqında danışmalıdır”.

Politoloq hesab edir ki, ABŞ-dakı erməni lobbisinin səyləri nəticəsində Serj Sarkisyanın hansısa siyasətçi ilə görüşü təşkil olunacaq, onlar Ermənistan prezidentinin hansısa qəzetə müsahibə verməsini təmin etməyə çalışacaqlar: “Əks təqdirdə, ABŞ-da olan Azərbaycan və Ermənistan prezidentlərinin səfəri arasında ziddiyyət daha böyük və təsirli olacaq”.

Nərgiz


Müəllif:
Загрузка...