1 Aprel 2016 19:04
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın doğum günüdür.

Partiya sədri 1959-cu il, aprelin 1-də Bərdə rayonunda anadan olub. 1985-ci ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Bir müddət Yaroslavlda hüquq məsləhətçisi, 1991-ci ilə qədər Rusiyanın Kostroma vilayətinin rayonlararası prokurorluğunda müstəntiq vəzifəsində çalışıb. 1991-1993-cü illərdə Moskvada özəl hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.

Eyni zamanda 1991-ci ildən Lalə Şövkət Hacıyevanın müavini vəzifəsində çalışıb. Hazırda Lalə Şövkətin lideri olduğu Liberal Partiyaya rəhbərlik edir, eyni zamanda məhkəmələrdə zərərçəkənlərin nümayəndəsi olaraq çıxış edir.

Teleqraf.com-a açıqlamasında partiya sədri gün ərzində çoxlu sayda təbrik aldığını deyib. Lakin siyasətçilərdən kimlərin ona telefon zəngi açması sualına cavab verməyib. Bildirib ki, professor Lalə Şövkət Hacıyeva onu təbrik edib və bu, onun üçün yetərlidir.

Müxbirimizin “İsa Qəmbər, Əli Kərimli və digər siyasətçilər sizi təbrik edibmi” sualına gəldikdə Temirxan deyib ki, onu təbrik edənlərin adını sadalamaq niyyətində deyil: “Bura Azərbaycandır. Əgər məni təbrik edənlərin adlarını bir-bir çəksəm, inciyən olacaq ki, niyə mənim adımı birinci çəkmədin və s. Odur ki, təbrik edənlərin adlarını saymaq niyyətində deyiləm”.

Əvəz Temirxan eyni zamanda bildirib ki, ad günlərini qeyd etmir: “Mən uzun müddətdir doğum günlərimi qeyd etmirəm. 50 yaşdan sonra isə ümumiyyətlə ad günü keçirmirəm. Tələbəlik illərində daima qeyd edirdim”.

Partiya sədri 1 aprel gülüş günü münasibəti ilə onu aldada bilmədiklərini də söyləyib və başına gələn maraqlı bir hadisəni danışıb: “Bu il məni aldadan olmayıb. Amma sözsüz ki, əvvəllər belə hadisələr olub. İllər əvvəl doğum günümü qeyd etmək qərarı vermişdim. Lakin dəvət etdiyim qonaqların yarısı ad gününə gəlmədi. Onlar güman etmişdilər ki, 1 aprel gülüş günü ilə əlaqədar onları aldatmaq istəyirəm”.

Nemət


Müəllif: