3 Aprel 2016 12:25

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyasının Azərbaycan xalqına müraciət ünvanlayıb. Bu barədə Teleqraf.com-a partiyanın mətbuat xidmətindən bildirilib.

AMİP bildirir ki, aprelin 2-nə keçən gecədən başlayaraq ötən gün ərzində Azərbaycan-ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində erməni işğalçı qüvvələrinin növbəti təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlara tam dəstək ifadə edir.

Partiyanın bəyanatında deyilir: "Milli Ordumuza şərəfli missiyasını yerinə yetirməkdə başarılar diləyir və hər an istənilən dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik! Bu yolda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi Azərbaycan dövlətinin yanında olmağa çağırırıq!

İşğal altında olan Azərbaycan ərazilərinin işğaldan azad olunması Azərbaycan dövlətinin danılmaz hüququdur və tərəfləri hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə əməl etməyə çağıran beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin liderləri, eləcə də illlərdir ki, məsələnin həllindən daha çox konservləşdirilməsinə çalışan ATƏT-in Mins qrupunun həmsədrləri başa düşməlidirlər ki, Azərbaycan xalqı torpaqlarının işğalı faktı ilə heç vəchlə barışmayacaq və bu gün cəbhədə itirilmiş hər bir insan həyatına görə bilavasitə onlar məsuliyyət daşıyırlar.

Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçularımızın və mülki vətəndaşlarımızın yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan yaralılara şəfa diləyirik.

Azərbaycanımızı qoruyaq! Qələbə bizimlədir!"


Müəllif:
Загрузка...