5 Aprel 2016 16:59
987

“Qarabağ təkcə Quzey Azərbaycanın, yəni Azərbaycan Respublikasının sərvəti deyil, Qarabağ bütöv Azərbaycanındır. Qarabağ həm də Azərbaycandan kənarda yaşayan azərbaycanlıların torpağıdır. Təbii ki, onun müdafiəsinə bütün dünya azərbaycanlıları qoşulmalıdır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, vaxtilə dünyanın müxtəlif yerlərində yaşayan ermənilər, hətta erməni terrorçular müharibə üçün qayıtmışdı: “Bəziləri elə müharibədə cəhənnəmə vasil oldular. Sabah savaş başlasa, dünyanın harasında olursa olsun, azərbaycanlılar gəlmək istəsə, biz onlara qucaq açıb dəvət etməliyik. Bu, vətəndaşlıq borcudur, mütləq gəlib kömək etməlidirlər.

Avropa ölkələrində Azərbaycan dərnəkləri və cəmiyyətləri cəbhədəki fəallığı, Azərbaycanın öz torpaqlarımızı işğaldan azad etmək üçün başladığı mübarizəni dəstəklədiyini bəyan etdi. Onlar hər cür yardım etməyə hazır olduqlarını, gəlib savaşa qatılmaq istədiklərini bildirdilər. Dünyanın müxtəlif yerlərində Azərbaycanın haqlı olduqlarını çatdırmağa çalışırlar. Nəzərə almalıyıq ki, Güney Azərbaycan bu cəhətdən daha fəal olmalıdır. Arazın o tayı Qaradağdır. Qaradağ Qarabağı müdafiə etməlidir. Bu, təbii bir şeydir. Həm də onu nəzərə almaq lazımdır ki, ermənilərin atdığı raketlərin bəzisi Arazın o tayına düşür. Orada da millətimiz əziyyət çəkir.

1918-ci ildə 31 mart soyqırımında Bakı, Şamaxıdan əvvəl Güney Azərbaycanda Xoyda, Urmiyada 150 mindən çox azərbaycanlı erməni silahlılarının soyqırımına məruz qalmışdı”.

Sabir Rüstəmxanlı qoşunların təmas xəttində baş verən silahlı toqquşmaları ermənilərin növbəti təxribatı adlandırıb: “Hesab edirəm ki, bu, elə-belə deyildi. Görünür, son vaxtlarda dünyada baş verən hadisələrlə bağlıdır. Azərbaycan mövqelərini müəyyənləşdirməlidir. Məncə, ermənilər hərbi əməliyyatları genişləndirməsinin arxasında gizlin niyyətlər də dayanır.

Təəssüf ki, onlar bunu təkcə Azərbaycan tərəfinin fəallığı kimi qələmə verirlər. Halbuki bu işi başlayan erməni tərəfidir. Azərbaycan ordusu müharibəyə hazır olduğunu və lazım gələrsə, düşməni yerində oturtmaq bacarığını nümayiş etdirdi. Biz müharibə ərəfəsindəyik. İstənilən gün və istənilən anda Ermənistanın arxasında duran qüvvələr müharibəyə başlaya bilər. Biz buna hazırlıqlı olmalıyıq. Son günlər baş verən proseslər göstərdi ki, Azərbaycan Ordusunun bu savaşı aparmağa və qalib gəlməyə imkanları var.

Məni daha çox sevindirən ilk günlərdə xalqın əhval-ruhiyyəsi idi. Mediada, sosial şəbəkələrdə fəallıq və yüksək vətənpərvərlik gördüm. Bəzilərinə elə gəlirdi o ruh ölüb, dünyada gedən proseslər, yad və televiziyalardakı eybəcər təbliğat cavanların ruhunu dəyişib, öz kökündən qoparıb. Ancaq belə deyil. Hadisələr göstərdi ki, bütövlükdə camaatın içində səfərbərlik ruhu var. Gərəkirsə, xalq müharibəyə getməyə hazırdır”.

Nərgiz


Müəllif: