6 Aprel 2016 12:52
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini İtaliya prezidenti Sercio Mattarellaya təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, etimadnamənin təqdim edilməsindən sonra İtaliya prezidenti səfirlə söhbət edib.

Görüşdə Azərbaycanla İtaliya arasında bütün sahələrdə, o cümlədən, iqtisadi, enerji, qeyri-neft sektorlarında əməkdaşlıq, ölkəmizin müxtəlif sektorlarında italyan şirkətlərinin fəaliyyəti, Cənub Qaz Dəhlizi və TAP layihəsi barədə danışılıb. Azərbaycanın Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr, bu xüsusda həyata keçirilən layihələr barədə danışan Azərbaycan diplomatı ölkəmizin İtaliya şirkətləri üçün ətraf bazarlara çıxmaq istiqamətində önəmli qapı olduğunu da deyib.

İtaliya Prezidenti iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqdan məmnunluğunu bildirib, bu xüsusda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səylərini yüksək qiymətləndirib.

Görüşdə, habelə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin təxribatı nəticəsində yaranmış son vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Azərbaycan diplomatı mövcud vəziyyət, həmçinin münaqişə ilə əlaqədar ətraflı məlumat verib, münaqişənin tezliklə həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq etməsinin vacibliyini deyib, bu xüsusda İtaliya tərəfinin Ermənistanın hərəkətlərini pisləməsinin və Ermənistandan BMT qətnamələrinə əməl etməyi və öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməsinin əhəmiyyətli olacağını bildirib.

İtaliya prezidenti mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını ifadə edib, münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini deyib.

Səxavət


Müəllif: