6 Aprel 2016 13:36
910

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Xalqların Demokrat Partiyasının (HDP) həmsədri Dəmirtaşın cəbhə bölgəsində baş verən hadisələrlə bağlı iddialarına cavab verib.

Teleqraf.com-un xəbərinə görə, deputat bildirib ki, Dəmirtaşın Azərbaycanla bağlı çıxışını qınayırıq: “Amma ondan başqa bir şey də gözləmirdik. Bu günə qədər Ermənistanın Xocalıda törətdiyi soqyqırımı ilə bağlı bir kəlmə də danışmayan, hər zaman ermənilərə dəstək olan Dəmirtaş növbəti dəfə dostlarından tərəf oldu”.

Q.Paşayeva Dəmirtaşın “Qarabağ muxtar vilayət idi, oradakı insanlar necə istəyirlərsə, buna hörmət edilməlidir” fikrinə də münasibət bildirib: “Qarabağ Sovet işğalında yaşadığımız illərdə də Azərbaycanın bir parçası idi. İndinin özündə də Ermənistan və Dəmirtaş kimilər istisna olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın bir parçası, torpağı kimi tanıyır və Ermənistanın o bölgələri işğal etdiyini qəbul edir. Dəmirtaş Ermenistanın Qarabağı işğal edərək Azərbaycan türklərinin hamısını evindən zorla, soyqırımı törədərək çıxardığını və bu gün orada bir nəfər də olsun, Azərbaycan türkünün yaşamadığını, onların məcburi köçkün həyatına məruz qaldığını unudub deyəsən... Amma unutmayıb... Ermənistanı və erməniləri dəstəkləyən biri sözsüz ki, bunları heç vaxt söyləmək istəməyəcək.

Biz kimin kim olduğunu çox yaxşı bilirik. Hadisələrlə bağlı Türkiyəni də haqsız yerə suçlayan Dəmirtaş baş verənlərin tək suçlusu olan işğalçı, bir milyon məcburi köçkünün öz evinə dönməsinə izn verməyən Ermənistana heç bir şey söyləmir. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətləri görmək istəmir. Səbəbini isə hamımız yaxşı bilirik”.

Sonda Q.Paşayeva bildirib ki, Dəmirtaşın ağıl verməsinə ehtiyac yoxdur: “O ağlı özünə saxlasın. Bəlkə, lazımı olar”.

Bəkir


Müəllif: