7 Aprel 2016 14:36
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə cəbhə bölgəsindəki son vəziyyətlə bağlı İtaliyanın "AGİ" xəbər agentliyinə müsahibə verib.

Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Müsahibəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatları nəticəsində baş vermiş gərginliyə diqqəti çəkən səfir M.Əhmədzadə, eyni zamanda Ermənistanın hərbi təcavüzü barədə məlumat verib, bunun nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon olmaqla Azərbaycanın 20% ərazisinin işğal altında olduğunu, Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə mülki azərbaycanlı əhaliyə qarşı qətliam törətdiyini və bir milyon azərbaycanlını öz torpaqlarından qovaraq etnik təmizləmə həyata keçiridiyini deyib.

Səfir müsahibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsinə, BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun müvafiq sənədlərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin status-kvonun qəbuledilməz olduğu və onun dəyişməsinin vacibliyi kimi bəyanatlarına Ermənistan tərəfindən məhəl qoyulmadığını vurğulayıb.

Diplomat qeyd edib ki, Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına əməl etmək əvəzinə münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atır. Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün beynəlxalq ictimaiyyət Ermənistandan ilk növbədə Azərbaycanın işğal olunmuş bütün ərazilərindən silahlı qüvvələrini çıxartmasını qəti şəkildə tələb etməlidir. Məsələ ilə bağlı Azərbaycan diplomatı Ermənistanı Azərbaycana qarşı davam etdirdiyi təcavüzünə görə sərt şəkildə qınaması və ondan BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsini tələb etməsi üçün İtaliya tərəfinə çağırış edib.

"Ümid edək ki, nəhayət bu dəfə Ermənistan baş verənlərdən nəticə çıxaracaq, danışıqlarda konstruktiv mövqe nümayiş etdirəcək və silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxaracaqdır", - deyən M.Əhmədzadə əlavə edib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.


Müəllif: