16 İyun 2014 14:26

Gənclər və İdman naziri Azad Rəhimov Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasının açılış mərasimində iştirak edəcək.

Teleqraf.com Gənclər və İdman Nazirliyinin Mətbuat katibliyinə istinadən məlumat verir ki, göstərilən tarix eyni zamanda Parisin Sorbonna Universitetində baş tutmuş İlk Olimpiya Konqresinin 120 illiyi və 1961-ci ildə Qədim Olimpiyada təşkil olunmuş Beynəlxalq Olimpiya Akademiyasının Gənc İştirakçılar üçün ilk Sessiyasının açılışının ildönümü ilə də üst-üstə düşür.

Tədbirdə Yunanıstan Respublikasının prezidentinin, Yunanıstan Olimpiya Komitəsinin prezidentinin, Yunanıstanın mədəniyyət və idman nazirinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Dr. Tomas Baxın da daxil olduğu Beynəlxalq Olimpiya Ailəsinin rəsmi şəxslərinin iştirakı nəzərdə tutulub.

Nazir Azad Rəhimov səfəri çərçivəsində Delfi və Qədim Olimpiyaya səfər edəcək, Saloniki şəhərinin meri, Makedoniya və Frakiya üzrə dövlət naziri, Şimali Makedoniya regionunun qubernatoru və Yunanıstanın Təhsil və Din İşlər üzrə naziri Andreas Loverdos ilə görüşlər keçirəcək.

A.Rəhimov 16-19 iyunda Yunanıstanın Saloniki şəhərində keçiriləcək Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının 3-cü Üzvlər İclasına da qatılacaq. Tədbirin həyata keçirilməsində dəstək Saloniki Şəhər Meriyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunur. Həmçinin, YUNESKO-nun Yunanıstandakı milli komissiyası, yerli təşkilatlar və Yunanıstanın 2014-cü il Avropa İttifaqına Sədrliyi çərçivəsində görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Üzvlər İclası zamanı təşkilata üzv təşkilatlar cari məsələləri müzakirə edəcək, 2015-ci ilin icra planı təsdiq olunacaq və İttifaqa gələcəkdə üzv olmaq istəyən yeni təşkilatlar öz təqdimatlarını edəcəklər.


Müəllif: