16 İyun 2014 23:48
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin iki aparıcı müxalifət partiyası prezident seçkilərində vahid namizədlə çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunun namizədliyini dəstəkləyəcklərini rəsmi şəkildə açıqlayıb.

Xeyli müddətdir aparılan müzakirələr nəticəsində ana müxalifət vahid namizəd məsələsində razılığa gələ biliblər.

CHP lideri Kamal Kılıçdaroğlu professor Ekmələddin İhsanoğlunun namizədliyini MHP sədri Dövlət Baxçalıya təklif edib. İki lider apardığı danışıq nəticəsində ortaq qərara gələ bilib.

Dövlət Baxçalı Ekmələddin İhsanoğlunun namizədliyi barədə “Bu ad millətimiz üçün çox xeyirlidir”- deyə bildirib.

Onun sözlərinə görə, iki partiya ölkə üçün vacib bir addım atıb: “Cənab Kamal Kılıçdaroğlu və CHP üzvləri Türkiyənin yetişdirdiyi çox qiymətli bir övladını, hörmətli Ekmələddin İhsanoğlunun namizədliyini təklif etdilər. MHP də bu ad üzərində dayanaraq demokratiyamızın gücləndirmək baxımından təklif edilən namizədi dəstəklədi. Hörmətli CHP sədri Kılıçdaroğlu və yoldaşlarının Türkiyənin dəyərli bir şəxsinin namizədliyini irəli sürməsi bizi məmnun elədi. Bu ad ətrafında da çalışacağımızı bildirmək istəyirik”.

CHP sədri isə çıxışında söyləyib ki, hər kəsin qəbul edə biləcəyi, möhtərəm və dürüst, təcrübəsi ilə hər kəsə nümunə olan bir ad təklif ediblər: “Demokratiyada yeni bir hadisəyə şahidlik edirik. Davadan uzaq, sülhün tərəfindən olan bir prosesi başlamaq istəyirik”.

Artıq CHP və MHP-nin “çatı aday” kimi xarakterizə etdikləri vahid namizəd Ekmələddin İhsanoğlu iki partiyanın qərarını şərh edib: “CHP və MHP-yə bu ortaq qərarına görə təşəkkür edirəm və bunu hörmətlə qarşılayıram. Şübhəsiz ki, Türkiyə kimi böyük bir ölkədə bu uca vəzifəyə layiq çox sayda şəxsiyyət var”.

Ekmələddin İhsanoğlu kimdir?

Ekmələddin İhsanoğlu 1943-cü ildə Qahirədə anadan olub. Misirin Ayn Şəms Universitetinin məzunu, Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir. İslam və Qərb mədəniyyətini yaxından öyrənən İhsanoğlu 1984-cü ildə professor olub. İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. E.İhsanoğlu İordaniyanın I dərəcəli “İstiqlal” medalı və Misirin ali dövlət mükafatının da sahibidir. E.İhsanoğlu YUNESKO-da və ABŞ-ın məşhur Harvard Universitetində işləyib. O, evlidir, üç övladı var.

Qeyd edək ki, Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkilərində hakim AKP-nin namizədinin hazırki baş nazir Rəcəb Tayiib Ərdoğanın olacağı gözlənilir.

Kəmalə


Müəllif: