18 İyun 2014 11:43

Rafiq Manaflı: "Müzakirə ediləsi məsələ yoxdur"

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı təmsil etdiyi şura haqqında maraqlı fikirlər işlədib. Milli Şuranın fəaliyyətsizliyinə toxunan Manaflı bildirib ki, hazırda ciddi siyasi proseslər getmir. Onun sözlərinə görə, müxalifətin fəaliyyəti daha çox seçki öncəsi fəallaşır: "İndi fövqəladə hal yoxdur. Normal siyasi fəaliyyət gedir. Bu tipli fəaliyyətlər görünmür. Koordinasiya Mərkəzi toplaşaraq iclaslarını keçirir. Bu mənada problem yoxdur".

"Kölgədə görünən kimiyik"

Rafiq Manaflı əvvəlki aylarla müqayisədə özünün gözə dəymədiyini, siyasi proseslərdə görünməməsinin səbəbini də açıqlayıb: "Bilirsiniz ki, mən hər zaman açıq insanam, bir şey olanda fikrimi bildirirəm. İndi münasibət bildiriləsi məsələ yoxdur və mən də münasibət bildirmirəm. Bu səbəbdən də kölgədə görünən kimiyik. Amma fəaliyyətimiz var".


"Mitinqə nə ehtiyac, nə də tələbat var"

Koordinasiya Mərkəzinin rəhbəri müxalifət cəbhəsində aparılan mitinq müzakirələrinə də toxunub: "Mitinqlə bağlı bəzən müzakirələrin getdiyi deyilir. Hazırda mitinqlərə ehtiyac yoxdur. Yəqin ki, bələdiyyə seçkiləri dönəmində və ya payız fəslində mitinqlərə start vermək haqda mülahizələr var. Mən də bu fikirlərlə razıyam. Amma indi nə mitinqə ehtiyac, nə də tələbat var. Sakit fəaliyyət gedir. Yayda mitinq haqqında danışmaq da doğru deyil".

"Sessiya keçirmək xətrinə sessiya keçirilməməlidir"

Rafiq Manaflının sözlərinə görə, Milli Şura öz fəaliyyətini aparır: "Bəyəm siz nəsə gözləyirsiniz? İndi başqa proseslər gedir. Rusiya istəyir ki, Azərbaycan onun istiqamətində getsin, Avropa istəyir ki, Azərbaycan onun yanında olsun. Əsas gündəm budur. Biz də bu prosesləri müşahidə edirik. Biz bəyanat hazırlayırıq, imzatoplama kampaniyasına start verəcəyik. İmzatoplama kompaniyasını təşkil edəcəyik, görək bunu edə biləcəyikmi?".

Manaflı daha sonra deyib ki, Milli Şuranın sessiyasının keçirilməsi haqqında informasiya yoxdur: "Hamı sessiya ilə maraqlanır. Əsasnaməyə görə, ayda bir dəfə sessiya keçirilməlidir. Heç elə partiyalar var ki, illərlə qurultayını keçirə bilmir. Odur ki, ayda bir dəfə hökmən sessiyanın keçirilməsi Quran ayəsi deyil. Bu saat heç müzakirə ediləsi bir məsələ də yoxdur. Sessiya keçirmək xətrinə sessiya keçirilməməlidir. Həm də indi yay mövsümüdür. Bir çox üzvlərimiz Azərbaycanda yoxdur. Ola bilsin ki, yay mövsümü ilə əlaqədar elan verdik ki, sessiyaları payız aylarından etibarən həyata keçirək. Amma sessiyanın keçirilməməsi o demək deyil ki, Milli Şura bir qurum olaraq fəaliyyətsizdir və dağılıb".

"Eldar Namazov vəziyyətdən yararlanmaq istədi"

Eldar Namazovla əməkdaşlıq imkanlarına toxunan Koordinasiya Mərkəzinin üzvü elan edib ki, "El" Hərəkatının sədri ilə heç vaxt əməkdaşlıq haqqında düşünülə bilməz: "Mən bunun əleyhinəyəm. Əgər belə bir məsələ ortaya çıxsa, etiraz edəcəyəm. Mənim Eldar Namazova qərəzim və ya isti-soyuq münasibətim yoxdur. Bilirsiniz, camaat burada nələr haqda düşünürdü, amma Eldar Namazov bu vəziyyətdən hansı formada yararlanmaq istədi. Biz 20 ildir ki, siyasətin içindəyik. Odur ki, Eldar Namazovun etdiyi hərəkətləri və maxinasiyaları gördük. Milli Şuranın dağılması üçün əlindən gələni etdi, bundan əvvəl isə Rüstəm İbrahimbəyovun adından istifadə etdi. Milli Şuranın vahid namizədi dəyişəndə isə qurumun seçki prosesinə törətdiyi maneələri gördük. Odur ki, bizə qarşı olan Eldar Namazovla növbəti mərhələ üçün addımlar atmağı əsla qəbul etmirəm".

"Eldar Namazov Qərbi Azərbaycan əhalisinin təmsilçisi deyil və ola da bilməz"

Sonda Rafiq Manaflı əlavə edib ki, onun Eldar Namazovla bağlı ifadə etdiyi bu fikirləri Qərbi Azərbaycandan olan insanlara qarşı olan fikirlər kimi qiymətləndirmək və ya bu formada təqdim etmək əsla doğru deyil:

"Mənim Qərbi Azərbaycandan olan insanlarla problemim yoxdur. VHP-də də bu regiondan olan kifayət qədər insanlar var və bizim münasibətlərimiz çox gözəldir. Bu mövqeyim Qərbi Azərbaycan faktoru ilə bağlı deyil. Eldar Namazov da Qərbi Azərbaycan əhalisinin təmsilçisi deyil və ola da bilməz. Bu gün Qərbi Azərbaycanı təmsil edən bir çox insanlar var. Odur ki, regional faktoru qabartmaq doğru deyil. Mən yerliçiliyi qabartmağı doğru hesab etmirəm. Mən belə şeyləri özümə yaxın buraxmıram. Eldar Namazovu da əməllərinə görə tənqid edirəm".

CAVİDAN


Müəllif: