21 Aprel 2014 18:14
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın sabiq və ilk qadın ölkə başçısı (1997-2007), Madrid Klubunun prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqanın sabahdan Azərbaycana səfəri başlayır.

Teleqraf.com-un məlumatına görə, Vayra Vike-Freyberqa təxminən bir həftə ərzində Bakıda olacaq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi layihələrə qatılacaq.

Qeyd edək ki, aprelin 27-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VI Beynəlxalq İdarə Heyətinin toplantısı və I Baş Assambleyası keçiriləcək. Növbəti iki gün ərzində - aprelin 28-29-da isə II Qlobal Müştərək Cəmiyyətlər Forumu baş tutacaq.

II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatılacağı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edəcək. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.


Müəllif: