2 May 2016 16:06
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdüşət Əlizadə: “Ermənistanda siyasi qüvvələrin hamısı Rusiya ilə yaxın olmaq uğrunda bir-birləri ilə mübarizə aparırlar”

Aprelin 2-5-də Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatlarına layiqli cavab verməsindən sonra Ermənistanda onsuz da bərbad olan siyasi vəziyyət daha da pisləşib.

Ermənistandakı rejimin başçısı Serj Sərkisyan ötən ay ərzində keçmiş prezident Levon Ter-Petrosyanla görüşüb, bu gün isə Ter-Petrosyan işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. Aprelin 16-da isə Sərkisyanın sələfi Robert Köçəryanın evinə qumbara atılıb. Aprelin 25-də isə paytaxt İrəvanda sərnişin avtobusunda güclü partlayış baş verib. Nəticədə iki nəfər həlak olub, 6 nəfər yaralanıb.

Ermənistandakı mövcud siyasi durumu şərh etməsi üçün müraciət etdiyimiz politoloq Zərdüşt Əlizadə bildirib ki, Ermənistan bir dövlət kimi Rusiyanın vassalıdır. Onun sözlərinə görə, Ermənistan siyasi qüvvələrinin hamısı Rusiya ilə yaxın olmaq uğrunda bir-birləri ilə mübarizə aparırlar: “Yəni, ağa onlara Ermənistanı qarət etməyə imkan versin. Rusiya Ermənistanda o qüvvələrə dəstək verir ki, onlar Qarabağ münaqişəsinin dondurulmuş qalmasına razıdırlar. Buna görə də Ermənistanda hakimiyyətlə müxalifət arasında heç bir fərq yoxdur.

Bir-iki kiçik, marginal qruplar istisnadır. Təzə yaranmış “Azad Ermənistan” və Paruyr Ayrikyanın Milli Müqəddərat Birliyi Partiyası Rusiyanın əleyhinədir. Amma onlar da Qarabağ məsələsində barışmaz mövqedə dayanır. Ermənistanın bütün siyasi qüvvələri Azərbaycana, Türkiyəyə, Qarabağa münasibətdə eyni mövqe tuturlar. Hamısı arzulayır ki, hakimiyyətə gələn kimi erməni xalqını minib sürsünlər, cibinə girsinlər.

Ermənistanın dövlət kimi, millət kimi gələcəyi yoxdur. Çünki onlar özləri-özlərini qəfəsə salıblar. Bu qəfəsin 4 tərəfdən barmaqlıqları erməni xalqının mənliyini müəyyənləşdirən əsatirlərdən hazırlanıb. “Qarabağ bizimdir” bir əsatirdir, “Biz qədim dövlətik” daha bir əsatirdir, “Türkiyədəki torpaqlar bizimdir” başqa əsatirdir, “Biz müharibədə qalib gəlmişik” növbəti əsatirdir və sair və ilaxır. Bu əsatirlərdən onlar özlərinə bir dünya düzəldiblər. Bu dünyanın gerçək dünya ilə əlaqəsi çox azdır”.

Z.Əlizadə qeyd edib ki, Ermənistanda baş verən son siyasi hadisələr Rusiyanın imlası ilə həyat keçirilmiş işlərdir: “Rusiyanın Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlı planı var. Həll olunmaması üçün indiki variant da qəbuldur. Hansısa bir dəyişilmiş format da qəbuldur ki, həll olunmasın, amma format dəyişilsin. Məsələn, 5 rayon da qaytarıla bilər, əvəzində ölkəmizin üzərinə hansısa öhdəliklər qoyula bilər. Yəni, əsas məsələ odur ki, Qarabağ problemi həll olunmasın. Bunun üçün də keçmiş dələduz prezidentlə indiki dələduz prezident əlbir ola bilirlər. Qarabağdakı Rusiyanın casusu Saakyanla da görüşə bilərlər. Yəni, bunlar üskük oynadırlar, erməni xalqı da bunu dərk etmir”.

Z.Əlizadə Ermənistanın siyasi gələcəyi ilə də bağlı fikirlərini açıqlayıb: “Guya ki, referendum keçirdilər, konstitusiyalarını dəyişdilər, prezident respublikasından dönüb olurlar parlament respublikası. İndi seçki məcəlləsini müzakirə edirlər. Sonra seçki keçirəcəklər. Təbii ki, hakim Respublika Partiyası qalib gələcək, bu partiyanın rəhbəri kimi Sərkisyan baş nazir olacaq. Yenə də nə qədər imkanı varsa, o qədər də Ermənistanı idarə edəcək. Yaxud o da getsə başqa bir Serjik, Robik gələcək. Yəni, bunların adlarının dəyişməsinin asılı olmayaraq hamısı çekistdirlər, KQB agentidirlər və hamısı erməni xalqının düşmənləridir”.

Z.Əlizadə Ermənistanda hakimiyyət dəyişikliyinin ola biləcəyinə dair bəzi ekspertlərin irəli sürdüyü fikirlərə də münasibət bildirib: “Sözə baxmasa, dəyişəcək. Amma o sözəbaxan adamdı, "mərifətli" kişidir. Nə desələr onu da edir. Deyirlər “uzan” uzanır, “dur ayağa” durur, “otur” oturur. Odur ki, onu dəyişməzlər. Nə üçün də dəyişsinlər?! Əgər deyilənləri etməsəydi, nəyisə özü müstəqil demək istəsəydi, məsələn Levon kimi aşırardılar, yaxud Vazgenlə Karen kimi güllələyərdilər. Amma bu, sözəbaxan adamdır. Nə üçün çıxarsınlar? Ermənistanda prezidentləri Rusiya çıxarır, Rusiya qoyur. Seçki isə tamaşadır”.

Politoloq son vaxtlar Rusiyada Ermənistan əleyhinə keçirilən aksiyaları “boş söhbət” adlandırıb: “Hamısı narazılıq təzyiqini fitlə qazandan bayıra ötürməkdir. Balaca deşik açırlar, buxar fitlə çıxır. Rusiyadan gerçəkdən, ciddi şəkildə ayrılmaq, vassal, kölə rolundan çıxmaq üçün onlar ilk növbədə deməlidirlər ki, “biz Qarabağı Azərbaycan torpağı kimi tanıyırıq. Biz Azərbaycandan və beynəlxalq aləmdən yalnız Qarabağ ermənilərinin təhlükəsizliyinə və özünüidarəsinə zəmanət istəyirik. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”. Bunu deyəndən sonra Rusiyadan ayrılmaq imkanı var. Amma “biz tarixi qələbə çalmışıq, türkləri diz çökdürmüşük, qədim erməni torpağı Artsaxı qaytarmışıq” deyirlərsə, demək, onların boynundakı möhkəm zəncir hələ də Rusiyanın əlindədir. Boyunlarında zəncir ola-ola onlar nə cür Rusiyaya qarşı qalxa bilərlər? Onlar “Qarabağ qəfəsi”ndə oturublar. Qəfəsin içində oturub, ona yemək verən ağanı söymək mənasızdır”.

Səxavət HƏMİD


Müəllif: