3 May 2016 13:30
605

Hüquqşünas Qurban Məmmədovun Milli Şuranın Koordinasiya Mərkəzində fəaliyyətini dayandırması haqda Teleqraf.com-a məlumat daxil olub.

Mənbəyə görə, Qurban Məmmədov Milli Şuranın sıravi üzvü olaraq qalır, lakin Koordinasiya Mərkəzindən istefa verib. Hələlik bununla bağlı məlumatın nə dərəcədə səhih olduğu məlum deyil.

Məsələ ilə bağlı Teleqraf.com Koordinasiya Mərkəzinin digər üzvü Oqtay Gülalıyevdən informasiya almağa çalışıb.

Lakin Gülalıyev bu mövzuda çox ehtiyatlı danışıb: “Mən bu haqda bir söz deyə bilmərəm. Yaxşı olardı ki, bu haqda Qurban Məmmədovun özündən soruşun. Qurban Məmmədovun Koordinasiya Mərkəzindən çıxarılması və ya özünün çıxması barədə məndə konkret məlumat yoxdur. O, bizim hörmətli hüquqşünasımız və dəyərli insanlardan biridir”.

Bununla belə Oqtay Gülalıyev söyləyib ki, Qurban Məmmədov son dövrlər Koordinasiya Mərkəzinin toplantılarına qatılmır: “İclaslara gəlmir. Ola bilsin ki, bu daha çox ailə işləri ilə bağlıdır. Bildiyiniz kimi, Məmmədovlar ailəsində böyük itkilər baş verib. Biz də imkanımız qədər Qurban Məmmədovun yanında olmuşuq və bundan sonra da olacağıq. Lakin onun Koordinasiya Mərkəzində qalıb-qalmadığı barədə konkret söz deyə bilmərəm. Məndə bundan artıq bilgi yoxdur”.

Oqtay Gülalıyev özünün də Koordinasiya Mərkəzindən gedəcəyi barədə gəzən söz-söhbətlərə münasibət bildirib: “Mən orda-burda yazılanlara reaksiya vermirəm. Müəyyən maraqlı dairələr belə xəbərlər yayırlar. Son zamanlar vətəndaş cəmiyyətində baş verən hadisələr konteksində barəmdə belə məlumatlar yayırlar. Ancaq belə bir məsələ müzakirə obyekti deyil”.

Milli Şuranın adının çəkilməsini istəməyən digər üzvləri isə Teleqraf.com-a Qurban Məmmədovun Milli Şuranın Koordinasiya Mərkəzindən getdiyini təsdiqləyiblər.

Cavad


Müəllif: