5 May 2016 15:25
416

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının üzvü Mehriban Vəzir Teleqraf.com-un suallarını cavablandırıb. Təşkilatın son ümumi yığıncağından sonra yaranan qalmaqala görə Milli Şura üzvlüyündən çıxarılan Mehriban Vəzir bunun səbəblərinə aydınlıq gətirib:

- Mehriban xanım, sosial şəbəkədə Milli Şuradan uzaqlaşdırıldığınızı yazmısınız. Hansı səbəbə görə uzaqlaşdırıblar? Səbəbini dedilər?

- Heç bir izah vermədilər. Sadəcə çıxardılar, vəssalam.

- Açıqlama yayılıb ki, Milli Şuranın əsasnaməsini pozmusunuz...

- Belə şərh edirlər, amma məsələ ondadır ki, bunun səbəbi var. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının aprelin 30-da ümumi yığıncağı keçirilmişdi, yığıncaqda Şura və Monitorinq qrupu seçilmişdi. Məsələ orasındadır ki, seçki çox demokratik keçirildi, eyni zamanda bu sahə üzrə tanınmış ekspertlər, mütəxəssislər bir tərəfdə qaldı, sahəyə yad adamlar Şuraya seçildi. Bu da bizi çox düşündürdü, amma heç bir etirazımız yox idi, nəticələri də tanıdıq, çünki demokratik baxımdan hər şey qaydasında idi.

Milli Şuranın Koordinasiya Mərkəzinin şəbəkəsində də varam, səhəri gün elektron poçtuma məktub gəldi. Oqtay Gülalıyev Milli Şura rəhbərliyinə hesabat verirdi ki, biz Koalisiyanın Şurasını ələ keçirdik, 50+1 bizimdir, monitorinq qrupu artıq bizim adamlardır. Hökumətin planlarını darmadağın etdik, hakimiyyət guya bu işə 400 min manat ayırıb.

O, Milli Şura rəhbərliyinə yardım və dəstəyə görə təşəkkür edirdi. Milli Şuranın daxili işlərinə, eyni zamanda Oqtay Gülalıyevin özəl həyatına aid olmayan, sırf Koalisiyaya, eyni zamanda mənə aid olan bu məktubu Koalisiyanın şəbəkəsinə yerləşdirdim və Əliməmməd Nuriyevdən izahat tələb etdim: 400 min manat pul nə məsələdir, 50+1 kimlərdir, Şura kimin nəzarəti altına keçib? Bu kimi suallar yönləndirdim, aydınlatma istədim. Məsələ də bundan başladı. Milli Şura hesab edir ki, mən hansısa qaydaları pozmuşam. Anlayışla yanaşıram, amma təəssüf edirəm. Gərək məndən də soruşaydılar, çünki yalanla dolu bu hesabata olan etirazımı dinləmək istəmirlər. Bu, təəccüb doğurur.

- Əliməmməd Nuriyevə ünvanladığınız suallara cavab ala bildiniz?

- O suallarla bağlı Koalisiyada müzakirə gedir. Bəzi suallara izahat verilib, bəzilərinə isə yox. Oqtay Gülalıyevdən izahat istənilib, o isə hələ izahat yazmır. Bir prosesdir gedir.

- Milli Şura Sizi bu təşkilatdan çıxarmaqla Koalisiyanın siyasiləşdiyi iddialarını təsdiqlədi?

- Koalisiyanın Şurası siyasiləşib. Koalisiya artıq siyasi qrupun əlindədir. Oqtay Gülalıyevin dediyi kimi 50+1 siyasi çevrələrin nəzarəti altındadır. Bunu Oqtay bəy deyir, mən demirəm, sadəcə ona inanıram. Vətəndaş cəmiyyəti hakimiyyətdən və müxalifətdən uzaqda durmalıdır. Bizim etirazımız da bunadır.

- Koalisiya üzvləri iclas keçirib yaranmış durumu müzakirə edəcək?

- İndiki iclası mexanizmə görə yalnız Şura keçirə bilər. Şura da artıq Koalisiya tərəfindən legitim sayılmır. Vəziyyət qeyri-müəyyəndir. Yəqin bundan sonrakı qərarlar işlənib müzakirə ediləcək.

- Koalisiyanın taleyi necə olacaq?

- Koalisiyada çox məsul insanlar var və hər şeyi qaydasına salmağa çalışacaqlar.

- Oqtay Gülalıyevə müraciət edəndə bizə belə izahat verdi ki, vaxtilə 6-8 nəfər siyasətçi Koalisiyada təmsil olunub, indi isə cəmi 3 nəfər siyasi aktivliyi zəif olan insanlar seçilib. O, Koalisiyanın siyasiləşdiyi barədə iddiaları rədd edib...

- O da onun hüququdur, rədd edə bilər.

- Hansısa siyasi qurumda təmsil olunmaq barədə düşünürsünüz?

- Mən siyasətlə məşğul deyiləm, ictimaiyyətçiyəm, heç bir partiyanın üzvü deyiləm. Çalışıram ki, təmsil olunduğum qeyri-hökumət təşkilatları da həm hökumətdən, həm də müxalifətdən uzaq dursunlar.

- Yəqin Koalisiyada Sizin məhz məktubu yaydığınıza görə Milli Şuradan çıxarıldığınız müzakirə edilər...

- Əks tərəfin insanları şəxsən məni hər şeydə suçlayır, deyirlər niyə məktubu açıqladım, etik deyil filan. Ancaq hesab edirəm ki, belə şeyə susmaq vicdansızlıq olardı. Koalisiya necə müzakirə etsə, edər.

- Koalisiyada üstünlük siyasilərin əlinə keçdiyindən Siz Koalisiyadan çıxarıla bilərsiniz?

- Bu, çox maraqlı hadisə olar. Belə addım atılarsa, bu, onu göstərər ki, Koalisiya siyasi çevrələrin təsirindədir.

Nərgiz


Müəllif: