5 May 2016 17:25
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fikrət Sadıxov: “Qanun layihəsinin müzakirəyə çıxarılması məhz Rusiyanın neytral mövqe tutmasının nəticəsidir”

“RİA Novosti” Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə vəziyyətlə bağlı xüsusi bəyanatını yayıb. Məlumatda bildirilir ki, hazırda əsas vəzifə atəşkəs rejiminin istənilən pozuntu hallarının aradan qaldırılması, yeni qurbanların qarşısının alınması və atəşkəsə riayət edilməsinin işlək mexanizlərinin hazırlanmasıdır.

Ancaq aprelin ilk günlərində cəbhədə baş verən gərginlik zamanı Lavrov hansısa yeni təkliflərdən bəhs edirdi. Bu baxımdan Moskvanın hazırkı mövqeyi çaşqınlıq yaradır. Bu mövqe Ermənistana vaxt qazanmağa hesablanmayıb ki?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirib ki, Rusiya tərəfindən irəli sürülən bütün təkliflər, işlək mexanizm söhbəti həm Rusiya, həm ABŞ, həm də Fransa tərəfindən artıq neçə ildir səsləndirilib. “Yəni, bunlar Azərbaycan üçün yeni bir şey deyil”.

Politoloq bildirib ki, yeni məsələ Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq istəyi ilə bağlıdır. Onun sözlərinə görə, bu məsələ kifayət qədər, artıq dərəcədə təhlükəli bir addımdır: “Çünki belə hal baş versə, bu, həm Rusiyaya, həm də digər həmsədrlərə qarşı hesablanmamış şəkildə atılan bir addım olacaq. Yəni, Ermənistanda hesab edirlər ki, buna qadirdirlər, bunu edə bilər və heç kimlə hesablaşmaya da bilərlər. Əsas məsələ budur. Digər tərəfdən Ermənistanın bu addımı Azərbaycanın əl-qolunu açır. Çünki biz artıq heç bir şərt və tələblərlə özümüzü məhdudlaşdırmayacağıq. Əgər onlar bununla Minsk prosesinə nöqtə qoyurlarsa, demək olar ki, bunlar beynəlxalq hüquq prinsiplərini açıq şəkildə pozur. Nəinki pozur, sadəcə olaraq tapdalayır.

Bunun müqabilində biz güc yolunu əsas tutmalıyıq. Çünki burda bizim başqa bir yolumuz, variantımız da yoxdur. Ona görə də Rusiya burda sülh yaranmasını, tərəflərin bir araya gəlməsini, atəşkəsin pozulmamasını istəyirsə, gərək öz müttəfiqi Ermənistanla danışsın, Qarabağdakı rejimin tanınmaması ilə bağlı təzyiqlər etsinlər. Hazırda gündəmdə dayanan əsas məsələ budur. Əgər proseslər Qarabağın tanınması istiqamətində getsə, o zaman heç bir işlək mexanizm işləməyəcək və tamamilə faydasız olacaq”.

F.Sadıxov Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İrəvanın tanınma qərarının Moskva ilə razılaşdırılmadığına dair səsləndirdiyi fikirlərə də münasibət bildirib. O qeyd edib ki, qanun layihəsinin müzakirəyə çıxarılması məhz Rusiyanın neytral mövqe tutmasının nəticəsidir: “Moskva əlbəttə, gərək daha aktiv olsun, Minsk qrupunun həmsədri, Ermənistanın müttəfiqi və bu regionun əsas oyunçusu kimi gərək öz sözünü desin. Hər halda deməsə də, gərək onlara müəyyən təzyiq göstərsin. Ancaq bu yolla məsələni nəzarət altına götürmək olar. Başqa bir yol müharibə yoludur”.

Politoloq qondarma rejimin Ermənistan parlamenti tərəfindən tanınıb-tanınmayacağına dair sualımıza cavab olaraq deyib: “Bunu qabaqcadan demək çox çətindir. Ola bilsin ki, bunun arxasında müəyyən oyunlar da gedir və Azərbaycana qarşı müəyyən bir təxribatlar törədilir. Yəni, ideoloji-siyasi istiqamətdə bizə təxribatlar yönəldilir. Əlbəttə, Ermənistan Dağlıq Qarabağı de-fakto çoxdan, hələ sovet dövründən tanıyıb. Ermənistanın indiki rəhbərliyi də Qarabağdan olan, döyüşlərdə iştirak edən ermənilərdir. Yəni, ola bilsin ki, burda yeni heç nə yoxdur. Amma öz-özlüyündə əlbəttə, danışıqlar prosesi gedirsə, Minsk qrupu formatı varsa, mövcuddursa, bunlar gərək buna əməl etsinlər. Bu addım Ermənistanın iç üzünü tamam açır. Aparıcı dövlətlər bu qanun qəbul olunduqdan sonra da biganəlik nümayiş etdirsə, o zaman birmənalı şəkildə demək olacaq ki, aparıcı dövlətlərin burda heç bir rolu yoxdur. Belə bir nəticəyə gəlmək olar. Demək, onların burda aktivliyi sıfır səviyyəsindədir”.

Səxavət HƏMİD


Müəllif: