6 May 2016 17:33
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Ağayev: “Rusiya heç kimdən küsməli deyil, özündən inciməlidir”

Bu ay Gürcüstanda “Layiqli Tərəfdaş” adlı irimiqyaslı NATO-ABŞ təlimləri keçiriləcək. Gürcüstanın NATO ilə hər il keçirdiyi bu təlimlər Vaziani poliqonundakı NATO Təlim Mərkəzinin ərazisində təşkil olunur.
Təlimlərdə iştirak etmək üçün artıq ABŞ hərbi texnikası Batumi limanına gətirilib. Düzdür, ABŞ-ın hərbi texnikası əvvəlki təlimlərə də cəlb edilmişdi. Ancaq bu dəfə Amerika arsenalının tərkibini daha da genişləndirmək qərara alınıb.

İlk dəfə olaraq birgə təlimlərdə Amerikanın “Abrams” tankları da iştirak edəcək.
Bu arada Moldovada da oxşar proseslər baş verib. Moldovada keçirilən hərbi təlimdə iştirak etmək üçün bu ölkəyə ABŞ hərbi texnikası gətirilib. Moldova Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə, Qələbə Günü münasibətilə mayın 3-dən 20-ə kimi ölkədə keçiriləcək “Dragon Pioneer 2016” təlimində NATO qüvvələri, o cümlədən 198 amerikalı hərbçi iştirak edəcək. NATO-nun daha bir hərbi təlimi Rusiya ilə həmsərhəd olan Estoniyada keçiriləcək.

Bütün bunlar Rusiyada qıcıq doğurur və şimal qonşumuz real addımlar atmaq qərarına gəlib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması səbəbindən üç yeni hərbi birləşmə yaradacaqlarını bildirib. “NATO-un Rusiyaya yaxınlaşmasına qarşı tədbirlər görürük. İlin sonuna qədər iki Qərb, biri Şimal bölgəsində olmaq üzrə üç yeni birlik təsis edəcəyik”, deyə Şoyqu bildirib.
Rusiya mətbuatı yazır ki, yeni birliklər Rostov, Smolensk və Voronej şəhərlərində yerləşdiriləcək. Birliklərin hər birində azı 10 min hərbçi olacaq.

Hərbi təlimləri və Rusiyanın cavab addımlarını şərh edən politoloq Rasim Ağayev Teleqraf.com-a bildirib ki, həm Gürcüstan, həm Moldova, həm də Ukrayna öz gələcəklərini NATO sıralarında gördüklərini birmənalı şəkildə bəyan ediblər.

Onun sözlərinə görə, bunun üçün lazımı siyasi addımlar atırlar: “Düzdür, NATO öz tərəfindən bəyan edib ki, Gürcüstan, Ukrayna və Moldova alyansa üzv olmayacaqlar. Belə ki, üzv olduqdan sonra hər iki ölkənin hərbi sənayesi NATO tərəfindən modernləşdirilməlidir. NATO rəhbərliyi bəyan edib ki, bir yandan buna maddi imkan yoxdur, böhrandır, digər tərəfdən bu, Rusiyaya sataşmaq olardı. Yəni, Moskva ilə əlavə gərginliyə gətirə bilər. Ona görə də bu iki ölkə hərbi və siyasi strategiyasında, gedişlərində gərək müəyyən tədbirlər görsünlər ki, NATO standartlarına uyğun olsun. Bildiyiniz kimin nə Gürcüstan, nə Ukrayna, nə də Moldova bu standartlara uyğun gəlmir”.

R.Ağayev qeyd edib ki, Gürcüstan digər iki ölkədən daha inkişaf etmiş ölkədir və hərbi təlimlər də əməkdaşlığın nəticəsidir: “Rusiya burada heç kimdən küsməli deyil, özündən inciməlidir. Vaxtında Rusiya SSRİ-nin bünövrəsini qoymuşdu və bu ölkələr də hamısı ittifaqda birləşmişdilər. Rusiya, sən özün öz razılığınla SSRİ-ni dağıtdın, indi Yeltsin gedib Qorbaçova “çox sağ ol” desin. Özü də ruslar SSRİ-ni çox böyük canfəşanlıqla dağıtdılar, çox sevinirlər. İndi bunların hər biri müstəqil dövlətdir, neyləmək olar ki?! Bəli, buna cavab olaraq adətən, inciyən dövlət öz sərhədlərində təlimlər keçirir. Bununla da məsələ bitir. Ümidvaram ki, belə də olacaq”.

Politoloq bildirib ki, Rusiyanın NATO-ya qarşı yeni hərbi birləşmə yaratması təbii prosesdir: “Əslində, SSRİ dağılarkən Qorbaçov, daha sonra isə Yeltsin Amerika ilə razılaşdı ki, Rusiya da NATO-nun üzvü olsun. Sonra gördülər ki, bu, qeyri-mümkündür. Onda dedilər ki, başqa hansı ölkə olsa, NATO-ya doğru gedə bilər. Şərqi Avropa və Baltikyanı ölkələr getdilər. Bunun nəticəsində belə bir razılıq var idi ki, NATO bilavasitə Rusiya sərhədlərinə yaxınlaşmayacaq.

Amma bu razılığı Amerika birtərəfli qaydada pozdu. Rusiyadan bununla bağlı irad gələndə Amerikada dedilər ki, bu razılıq sənədlə təsdiqlənməyib, bu, şifahi razılıq idi. Belə bir şifahi razılığa görə, əslində Qorbaçovu gərək məhkəməyə verəydilər. Çünki bu bir dövləti cinayət, xəyanət kimi keçir. Amma reallıq budur. NATO-nun, Amerikanın qüvvələri Rusiya sərhədlərinə bilavasitə yaxınlaşır, Rusiya sərhədləri yaxınlığında təlimlər keçirilir. Rusiyanın da öz tərəfindən buna qanun çərçivəsində, əlindən gəldiyi şəkildə cavab verməyə ixtiyarı var və verir”.

Səxavət HƏMİD


Müəllif: