21 Aprel 2014 19:44

Fuad Ağayev: "Jurnalist ifadə verməkdən imtina edir"

Türkiyədən deportasiya olunan və Azərbaycanda həbs olunan jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev mətbuat konfransı keçirib.

Vəkil Rauf Mirqədirovun istintaqa ifadə verməkdən imtina etdiyini bildirib:

“Mirqədirov ona qarşı irəli sürülmüş ittihamları əsassız hesab edir və ifadə verməkdən imtina edir”.

Fuad Ağayevin sözlərinə görə, 3 ildən çoxdur Türkiyədə yaşayan Mirqədirovu aprelin 9-da çağırıblar və onun və həyat yoldaşının akkreditasiyasının bitdiyini bildiriblər: Ona heç bir izahat verməyiblər. Bu, baş nazir Ərdoğanın Bakıdan qayıtmasından 2-3 gün sonra baş verib. Bu səbəbdən jurnalistin Türkiyədən deportasiya olunmasının Bakıda hakimiyyət ilə razılaşdırılmasi istisna deyil".

Ayın 19-na keçən gecə o, həyat yoldaşı ilə birlikdə Ankaradan avtobusla yola düşürdü, yolda onu saxlayıb polisə aparıblar. Tələb etməsinə baxmayaraq, vəkil verməyiblər.

Türkiyə hakimiyyəti qanunsuz olaraq Mirqədirovu ekstradisiya ediblər, belə ki, onun daha bir neçə gün orada qalmaq hüququ var idi. Faktiki olaraq, onu qanunsuz həbs ediblər və ölkədən çıxarıblar, vəkil belə hesab edir.

İrəli sürülmüş ittihamlara gəlincə, Mirqədirov onları əsassız hesab edir. Belə ki, istintaq Mirqədirovu erməni xüsusi xidmətlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi potensialı və yerləşməsi haqqında məlumat verməkdə ittiham edirlər. Guya bu, 2008-09-cu illərdə Ermənistanda üç tədbir zamanı baş verib.

Bu zaman Ağayev qeyd edib ki, söhbət beynəlxalq konfranslardan gedir.

Mirqədirov dövlət sirrinə aid məlumata malik ola bilməzdi, amma vəkil istintaqda Mirqədirovun erməni nümayəndələri ilə eyni masa arxasında oturduğunu göstərən hansısa foto və ya videokadrlar olacağını istisna etmir. Lakin məşhur jurnalisti belə əsaslarla təqib etmək qeyri-ciddidir, vəkil belə hesab edir.

İstintaq iddia edir ki, Mirqədirov məlumatları erməni xüsusi xidmətlərinin nümayəndəsi kimi təqdim edilən Laura Baqdasaryana məlumat ötürürdü. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi olan Baqdasaryan 2001-ci ildən Azərbaycanın Sülh və Demokratiya İnstitutu ilə birgə layihə həyata keçirir, 2005-ci ildən etibarən isə onların birgə nəşrləri var.

Ağayev hesab edir ki, Baqdasaryanın adının anılması işin Mirqədirovla məhdudlaşmayacağına, belə tədbirlərdə iştirak edən digər siyasətçilərin və vətəndaş cəmiyyəti fəallarının da təqibə məruz qalacağına dəlalət edir.

Ağayev Mirqədirova qarşı ittihamları cəfəng hesab edir. “Yəqin erməni xüsusi xidmətləri uzun illərdir Dağlıq Qarabağ üzərində erməni iddialarının əsassızlığını arqumentlərlə sübut edən jurnalistin həbs edilməsini bayram edirlər”, deyə Ağayev bildirib.


Müəllif: