13 May 2016 17:05
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AXCP və Müsavat üzvlərinin çay masası ətrafındakı görüşündə iki partiyanın birləşmə məsələsi müzakirə edilməyib”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında AXCP sədrinin müavini Gözəl Bayramlı Müsavat başqanının müavini Tofiq Yaqublunun təşkilatçılığı ilə bir qrup cəbhəçi ilə müsavatçının çay masası ətrafında apardığı müzakirəsi barədə danışarkən deyib.

Onun fikrincə, iki partiyanın birlik və ya əməkdaşlıq məsələləri partiyaların ali orqanında müzakirə edilməlidir: “Belə müzakirə aparılmadan hər hansı fikir söyləməyi doğru hesab eləmirəm. Tofiq Yaqublunun dəvəti ilə bir neçə AXCP üzvü müsavatçılarla çay süfrəsi arxasında oturub, dostyana söhbətləşib. Birlik istiqamətində məsələlər müzakirə olunmayıb.

Bunu dostların görüşüb çay süfrəsi ətrafında müzakirəsi saymaq olar. Birlik məsələsinin hər iki partiyanın yuxarı orqanlarında müzakirə etmədən gündəliyə çıxarılmasını düzgün hesab eləmirəm. Kimlərinsə söhbət etmək üçün dəvətinə etiraz eləmirəm. Həmin görüşdə də Tofiq bəyin dəvəti ilə çay masası ətrafında ölkədəki ictimai-siyasi durum ətrafında söhbətləşmişik. Başqa hər hansı müzakirə olmayıb”.

“AXCP ilə Müsavatın birgə əməkdaşlığı və ya hansısa qurum altında fəaliyyəti üçün perspektiv varmı” sualına cavabında Gözəl Bayramlı deyib ki, AXCP Milli Şurada fəaliyyət göstərir və bundan sonra da öz fəaliyyətini Milli Şurada davam etdirmək niyyətindədir: “Milli Şuradan kənarda partiyamızın hər hansı mövqeyi yoxdur. Bundan sonra da Azərbaycan müxalifətinin güc mərkəzində fəaliyyətimizi davam etdirəcəyik”.

“Belə çıxır ki, Müsavat AXCP ilə əməkdaşlıq etmək istəyirsə, Milli Şura çərçivəsində etməlidir” sualını isə AXCP funksioneri belə cavablandırıb: “Elə bir fikir söyləmədim, Müsavatla vaxtilə Milli Şura çərçivəsində bir yerdə fəaliyyət göstərmişik. Sonra məqbul hesab etməyib həmin qurumun sıralarını tərk edib. AXCP isə Milli Şurada öz fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı müavini Tofiq Yaqubluya AXCP ilə birlik və əməkdaşlıq qurmaq üçün tapşırıq verib.

Nərgiz


Müəllif: