21 Aprel 2014 21:07
2 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin başda olmaqla səfirliyin bir qrup diplomatı aprelin 17-də Gədəbəy rayonuna səfər edib. Bu barədə Teleqraf.com-a Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən məlumat verilib.

Qrup ilk olaraq Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısı Ramiz Yediyarovla görüşüb. Görüş zamanı iqtisadi və sosial yönümlü müxtəlif məsələlər ətrafında fikir müdadiləsi aparılıb. Xüsusilə, rayonda yaşayan rus icması ilə bağlı məsələlər diqqət mərkəzində olub. V.Doroxin Azərbaycanda rus dili və mədəniyyətinə pozitiv münasibət bəslənməsindən razı olduqlarını vurğulayıb.

Səfər zamanı rus diplomatları Novosaratovka kəndinə də baş çəkərək burada Novosaratovka, Novoivanovka və Slavyanka kəndlərində yaşayan həmvətənləri ilə görüşüblər. Kənd sakinləri qonaqlara öz yaşam tərzləri, öz qonşuları – azərbaycanlılarla dost münasibətləri barədə danışıblar. Onlar gündəlik həyatlarda üzləşdikləri çətinliklərin həll edilməsi sahəsində yerli hakimiyyət orqanlarının göstərdiyi fəaliyyətdən məmnunluq ifadə ediblər. Görüş, rayonun rus icmasının liderlərindən olan Nikolay Bıçkovun şəxsi ev-muzeyində keçirilib.

Səfir Doroxin ev-muzeyə rus suveniri hədiyyə edib. Diplomatlar isə Novosaratovka məktəbinə rus dilində ədəbiyyat dəstləri bədii filmlər kolleksiyası təqdim ediblər.

Səfərdə iştirak edən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov bu insanların iki əsrdən artıqdır Azərbaycan torpaqlarında yaşadıqlarını bildirib: “Qəribədir ki, onlar rus dilini, rus mədəniyyətini bu cür hiss-həyəcanla, bu cür sevgi ilə qoruyub saxlayır, Rusiya ilə əlaqələri qorumağa və gücləndirməyə can atırlar”.

Qeyd edək ki, Azərbaycanın qərb hissəsində, Gədəbəy rayonunda yerləşən Novosaratovka kəndinin əsası rus çarının fərmanı ilə XVIII əsrin əvvəllərində bu yerlərə köçürülmüş rus kənliləri – molokanlar tərəfindən qoyulub. Buna qədər isə onlar imperiyanın mərkəzində yerləşən Saratov quberniyasında yaşayıblar.

Səxavət


Müəllif: