17 May 2016 17:33
276

“İsrailin səsi” Dövlət radiostansiyasının ən populyar verilişlərindən biri olan “Beynəlxalq saat” verilişində Ermənistan-Azərbaycan sərhədində, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr geniş şərh edilib.

Verilişin aparıcısı Eram Serkyulun suallarını “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut cavablandırıb. Arye Qut qeyd edib ki, bir qrup xarici jurnalistlə bərabər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş sərhədyanı rayonlarına sonuncu səfəri zamanı Cənubi Qafqaz regionunun dinc-yanaşı yaşamaq şəraitindən hələ çox uzaq olmasını yəqin edib. İsrailli ekspert vurğulayıb: “Burada mürəkkəb və gərgin vəziyyət yaranıb.

Bəlkə də ən dəhşətlisi - burada çox güclü hiss olunan qeyri-müəyyənlikdir. Burada real olaraq başa düşürsən ki, atəşkəs və sülh son dərəcə amanatabənd anlayışlardır. Ermənistan silahlı qüvvələrinin hədəfində olan dinc azərbaycanlı əhalinin necə əziyyətlər çəkməsini öz gözümlə görmüşəm. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın hərbi provokasiyaları nəticəsində Azərbaycan ordusu 2016-cı il aprelin əvvəlində təxribatın qarşısını almaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə endirib və onları geri çəkilməyə məcbur edib. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir, bu ordu öz gücünü nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi”.

Radio verilişinin aparıcısı Ermənistanın İsraildən Azərbaycana hərbi texnika və texnologiyalar satışının dayandırılması barədə tələblərinə Arye Qutun münasibət bildirməsini xahiş edib. Arye Qut deyib ki, 24 il bundan əvvəl Azərbaycan ərazilərini işğal etmiş ölkənin parlamentariləri tərəfindən Odlar Yurdunu beynəlxalq hüquq normalarını pozmaqda ittiham etməsi tamamilə absurddur. Arye Qut soruşur: “Ermənistanın ucbatından Azərbaycan 24 ildən çoxdur ki, təcavüzdən əziyyət çəkir. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib.

Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb və bir milyondan çox insan oradan qovulub. Məgər bunlar insan hüquqlarının pozulması, beynəlxalq hüququn ən adi normalarının pozulması deyilmi?”.
Verilişin aparıcısının İsrail-Azərbaycan münasibətlərinin perspektivləri barədə sualının cavabında Arye Qut qeyd edib ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi əlaqələri yoxdur: “İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət bəsləməsini dəfələrlə bəyan edib. İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir.

Öz növbəsində, Azərbaycanın da kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiya sahəsində İsraildə istehsal edilən müasir yüksək texnologiyalara ehtiyacı var. Bu siyahını davam etdirmək olar. Eyni zamanda, bu ölkələrdə təhsil, humanitar və mədəniyyət sahələrinə aid layihələr həyata keçirilir. Rəsmi Yerevan tərəfindən tənqid məsələsinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edirlər. Bu məsələyə müdaxilə etməyə heç kəsin haqqı yoxdur”.

Aparıcı bu münaqişənin dinc yolla tənzimlənməsinin mümkünlüyü və Azərbaycan tərəfindən güzəştlərin mümkünlüyü barədə sualına Arye Qut belə cavab verib ki, Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Arye Qut deyib: “Cənubi Qafqazda daha bir erməni dövləti ola bilməz. Ermənilər XX əsrin əvvəlində əzəli Azərbaycan torpaqlarında öz müqəddəratlarını təyin ediblər. Azərbaycanın erməni xalqı ilə bağlı heç bir problemi yoxdur və ola da bilməz, lakin bir böyük problem var – Sarkisyanın terrorçu rejimi ilə bağlı sivilizasiya və mədəni uçurum problemi. Dünya daha susmamalı və Ermənistanın nazı ilə oynamamalıdır. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Dağlıq Qarabağdakı erməni vətəndaşlara ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Bu gün özünün geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində Azərbaycan regionun ən güclü dövlətinə və liderinə çevrilib, dünyanın bu strateji regionunda heç bir siyasi, iqtisadi, yaxud nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzərin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı və yoxsul ölkədir”.

İsrailli ekspert Arye Qut “İsrailin səsi” radiostansiyasına müsahibəsini bu sözlərlə tamamlayıb: “Müasir Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. İki ölkə arasında mövcud insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq əzmi bu ölkələrin hər ikisini zənginləşdirir. Bundan əlavə, aşkardır ki, Azərbaycanda yəhudilərlə müsəlmanlar həmişə dinc yanaşı yaşayıb, bu gün də qardaş kimi yaşayırlar, bu xalqların ortaq tarixi və ümumi taleyi onları həmişəlik bir-birinə bağlayıb”. (“Azərtac”)


Müəllif: