18 May 2016 11:35
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü bu il ilk dəfə olaraq Rusiya Federasiyasında fərqli şəkildə qeyd olunacaq. Bu barədə Teleqraf.com-a Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov məlumat verib.

F.Abbasov “Feysbuk”da soydaşlarımıza çağırışında qeyd edib ki, biz ilboyu qeyd edilən hər bir milli bayramımızdan qürbətdə yaşayan həmvətənlərimizi bir araya gətirib birləşdirmək üçün istifadə etməliyik: “Mən, 28 May bayramının dövlət səviyyəsində keçirilməsinə, Avropasayağı restoranlarda külli miqdarda pul xərclənərək təntənəli şəkildə qeyd edilməsinə və Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun elit nümayəndələrinin bu bayram tədbirlərinə qatılmasına qarşı deyiləm.

Moskva şəhərində fəaliyyət göstərən hər bir Azərbaycan təşkilatlarının, diaspor idarəmizin, tələbə və gənclər təşkilatlarının, universitet birliklərinin ayrı-ayrılıqda tədbirlər keçirməsinə də heç bir etirazım yoxdur. Ancaq biz hamımız bilirik ki, gözdən uzaq, könüldən iraq, qapalı məkanlarda təntənə ilə qeyd edilən bayramlar diasporumuzun sadə üzvləri uçun heç bir əhəmiyyət daşımır.

Şagirdlər, tələbələr, işçilər, təqaüdçülər, nəvələrini tərbiyə edən nənə və babalar, uşaqlarımıza milli mədəniyyət və mənəviyyat aşılayan evdar xanımlar bayramlarımızı, yalnız milli televiziya kanallarında gedən verilişlər vasitəsilə izləyərək qeyd edirlər. Milli bayramlarımızı, rəsmi günlərimizi yaşadığımız ölkənin vətəndaşları arasında təbliğ etmək – diasporumuzun başlıca və ən vacib vəzifələrindən biridir. Buna görə də, belə tədbirlərin hər bir azərbaycanlıya və istənilən hər kəsə açıq olması vacibdir”.

F.Abbasov bu baxımdan soydaşlarımızı Moskvada və yaşadıqları başqa şəhərlərdə 28 May – Respublika gününün keçirilməsi üçün ideyalar təklif etməyə çağırıb. Jurnalistin bu çağırışı böyük dəstək qazanıb. Müraciətə dəfələrlə paylaşılıb, müxtəlif təkliflər irəli sürülüb. Sonda təkliflər ümumiləşdirilib və qərara alınıb ki, 28 may – Respublika Günündə bu tədbirlər həyata keçirilsin;

1) Yaşadığımız yerin hər hansı bir parkında və ya digər açıq məkanında üstündə “28 May – Azərbaycanın Respublika Günündə əkilmişdir” yazılmış lövhəçik olan ağaclar əkmək

2) Yaşadığımız yerin hər hansı bir parkının girəcəyində, bir kiloluq paketlərdə üstündə bayrağımız da olan “28 May – Azərbaycanın Respublika Günündə pulsuz paylanılır” yazılı stikerlər yapışdırılmış meyvə və tərəvəzi hər kəs üçün təmənnasız paylamaq

3) Yaşadığımız yerin qanvermə mərkəzlərinə qrup halında gedərək orada təmənnasız donorluq etmək. Hər il mayın 28-də ənənəvi olaraq qanvermə aksiyası keçirsək və bunu yayğınlaşdırsaq ruslara çox böyük psixoloji təsir edərik

4) Azərbaycanlılara məxsus kafe və restoranlarda 28 may günü arzu edən hər kəsə təmənnasız çay vermək və bunun Respublika Günü ilə əlaqədar olmasını bildirmək.

5) Helikopterə və ya paraşütçüyə Azərbaycan bayrağı bağlayıb havada uçurmaq.

6) Moskva çayında Azərbaycan bayrağı asılı qayıq sifariş etmək.

7) Azərbaycan bayraqlarının və ya bayrağın rənglərinin iştirakı ilə fləş-mob təşkil etmək.

Səxavət


Müəllif: