19 May 2016 13:10
257

Qətərin “Əl-Cəzirə” telekanalı Ermənistanın qadağan olunmuş ağ fosforlu top mərmilərindən istifadə etməsi ilə bağlı reportaj yayımlayıb.

Teleqraf.com-un məlumatına görə, reportajda vurğulanır ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik hələ də sakitləşməyib. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülkü şəxslərinin yaşadığı qəsəbə və kəndlərini bombalaması münaqişə tərəfləri arasında gərginliyi daha da artırıb. Azərbaycan tərəfi Ermənistanı Azərbaycan ərazilərinə insanların ölümünə və yaralanmasına səbəb olan ağ fosforlu top mərmiləri atmaqda ittiham edir.

Materialda ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Vyanada keçirilən prezidentlərin görüşünə istinad edərək qeyd olunur ki, Rusiya, ABŞ və Fransa vasitəçi qismində Azərbaycan və Ermənistan prezidentlərini münaqişə bölgəsi olan Dağlıq Qarabağda atəşkəsin gücləndirilməsi üçün razı salmağa çalışır.

Reportajda Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və ATƏT-in monitorinq qrupunun cəbhə bölgəsinə səfəri zamanı lentə alınmış kadrlardan istifadə edilib.

Xatırladaq ki, səfər zamanı 11 ölkədən 20-dək hərbi mütəxəssis ermənilərin atdığı və beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş 122 mm ağ fosforlu top mərmisinin düşdüyü yerdə olublar.

Azərbaycan tərəfi rəsmi olaraq bəyan edib ki, həmin mərminin istifadəsi qəbuledilməzdir və sənədləşdirilərək aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara göndəriləcək.

Xatırladaq ki, aprelin sonunda təmas xəttində yaşanan gərginlik zamanı Ermənistan ordusunun Tərtərin Əskipara yaşayış məntəqəsinə kimyəvi mərmi atıblar. Xoşbəxtlikdən mərmi əkin sahəsinə düşüb. Onu da əlavə edək ki, ağ fosforlu top mərmisi açıq havada alışır. Ondan çıxan dumanlı hava təsir etdiyi bütün canlılara həyati təhlükə törədir. Həmin mərminin düşdüyü ərazinin bir müddət əkilib-becərilməsi qadağandır.

Səxavət


Müəllif: