23 May 2016 15:36
177

"Multikulturalizm və fərqlilik radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələri dəf etmək üçün geniş təşviq olunmalıdır. Azərbaycan öz fəal multikultural cəmiyyəti ilə bu sahədə təcrübəsini bölüşməyə hazırdır. Aİ-nın xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizimlə praktiki əməkdaşlığın formalarının müəyyən edilməsi vasitəsi kimi baxırıq".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zaman deyib.

Nazir bildirib ki, 25-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olan Bakı Bəyannaməsini qəbul etdi: "Forumun mövzuları və alt-mövzuları inklüziv cəmiyyətləri davamlı inkişafın əsas komponenti kimi təşviq edən və ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapıb. Foruma dövlət və hökumət başçıları, rəsmi şəxslər, elm xadimləri, mütəxəssislər və vətəndaş cəmiyyəti və media nümayəndələri də daxil olmaqla, 4000-dən çox iştirakçı qatılmışdı".


Müəllif: