26 May 2016 19:44
184

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vyana görüşlərinin mahiyyətini yenə də təhrif edir. Sözlərlə oynamağın vaxtı artıq çoxdan keçib. Vyana görüşünün nəticəsi olaraq irəli sürülən təkliflər bir-biri ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Edvard Nalbandyanın fikirlərini şərh edərkən deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, atəşkəs rejiminin məqsədi hərtərəfli və substantiv danışıqlara başlamaq üçün zəminin yaradılmasıdır. Münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi isə qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli və Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Əgər Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. Təəssüf ki, biz yalnız bunun əksini görürük.

“Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır. Bu ayın sonunda xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub”, - deyə H.Hacıyev qeyd edib.


Müəllif: