27 May 2016 13:23
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdüşt Əlizadə: “Bu qərarı dünyanın ağası Amerika verib”

“G-7 ölkələrinin Yaponiyada keçirilən toplantısında liderlər dünyanın bir sıra iqtisadi, siyasi və təhlükəsizlik problemlərini müzakirə etdilər. Sammit Rusiya ilə digər 7 ölkə arasında barışmaz ziddiyyətlərin, uçurumun mövcud olduğunun daha bir sübutu oldu”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. “Böyük yeddilik” ölkələrinin liderlərinin Yaponiyanın Kaşikojima adasındakı görüşünü şərh edən Z.Əlizadə qeyd edib ki, eyni zamanda ən mühüm siyasi və iqtisadi meyl kimi Çinlə də iqtisadi qarşıdurmanın kəskinləşdiyi bəlli oldu: “Düzdür, əlamətlər hələ də əhəmiyyətli görünməyə bilər. Məsələn, poladəritmə sənayesində məhsulun həcmi, müxtəlif dövlətlərdə bazar uğrunda rəqabətlər və sair. Amma bineyi-qədimdən bazar uğrunda rəqabətlər dünya qüvvələrinin toqquşmasının əsas təzahürləri olub.

Təbii ki, bu, artan xətt üzrə gedəcək. Çünki kapitalist iqtisadiyyatı dərin bazar böhranı ilə üzləşib, tədiyyə kütləsi ilə alıcılıq qabiliyyəti məhduddur. Bu təbii ki, ziddiyyətləri kəskinləşdirəcək. Sammit həm də onu göstərdi ki, ABŞ öz ənənəvi böyüklük və təkəbbür siyasətindən əl çəkmir. Məsələn, Xirosima və Naqasakiyə atom bombası atılmasına görə Amerika tövbə etmədi. Hamıdan tövbə tələb edir, amma özü tövbə etmək fikrindən tamamilə uzaqdır. Yəni, Amerikanın aparıcı rolu bir daha təsdiqləndi”.

Z.Əlizadə qeyd edib ki, Avropa İttifaqı özü də dərin iqtisadi, siyasi böhran içindədir: “Bu da G-7-də özünü nümayiş etdirdi. Sammitdə heç bir mühüm qərar qəbul edilmədi. Sadəcə, vəziyyəti təsvir və təhlil etdilər, fikir mübadiləsi apardılar”.

Qeyd edək ki, Yaponiya sammitdə Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması təşəbbüsü ilə çıxış etdi. Lakin sonda bu təklif qəbul edilmədi və liderlər sanksiyaların uzadılması barədə qərar qəbul etdilər.
Z.Əlilzadə bununla bağlı deyib: “Yaponiya asılı, kiçik dövlətdir, Amerikanın vassalıdır və heç kim onunla hesablaşmır. Yaponiyanın ərazisində Amerikanın işğal qoşunları yerləşib və hər addımını Amerika ilə uzlaşdırıb atır. Kimdi onun dediyini sayan?!

Bundan əvvəl Macarıstan, İtaliya, Fransa da demişdi ki, sanksiyalar aradan qaldırılsın. Amma bu dövlətlərin də rəyləri nəzərə alınmadı. Sanksiya barədə qərarı dünyanın ağası Amerika verib və asılı Avropa, Yaponiya və başqaları bunu müti şəkildə icra etməlidirlər”.

Z.Əlizadə sanksiyaların effekt verdiyini vurğulayıb: “Məsələn, ərazisində vətəndaş müharibəsi gedən, ərazi itirmiş Ukrayna qədər ərazi itirməyən, hətta qazanan Rusiyanın da iqtisadiyyatı dərin böhran keçirir. Ümumidaxili məhsulu azalıb, artım yoxdur, işsizlik artır, camaat iki dəfə kasıblayıb. İşıq ucu da görünmür. Mövcud üsul-idarə ilə Rusiya böhrandan çıxmağa qadir deyil”.

Politoloqun sözlərinə görə Rusiyanın görkəmli siyasətşünaslarının, ziyalılarının, iqtisadçıların yazdıqlarını oxuduqda onların hamısının Rusiyanın süquta doğru getdiyini açıq-aydın yazdıqlarını görmək olur: “Rusiyanın dövət kimi axırı yoxdur. Çünki bu hakimiyyət Rusiyanı ağ günə çıxara bilməyəcək”.

Səxavət HƏMİD


Müəllif: