31 May 2016 16:27
400

“O adamın nə dediyi məlum deyil. Ümumi sözlər deyir, amma nə demək istədiyi bilinmir. Prinsip etibarilə qiyamın qarşısını almaq üçün o dövrdə müəyyən addımlar atdıq. Məsuliyyəti kənara qoymaq istəmirəm, qiyamın qarşısının alınmaması faktı da, siyasi məsuliyyəti də o dövrdə rəhbərlikdə olan şəxslərin, o cümlədən mənim üzərimdədir. O şəxsin dediyi kimi “istəsəydilər, qiyamın qarşısını alardılar” şəklində yanaşma ciddi söhbət deyil. Bu cür fikirlər primitiv şərh oluna bilməz”.

Bu sözləri Teleqraf.com-a sabiq baş nazir Pənah Hüseyn keçmiş müdafiə naziri Rəhim Qazıyevin “Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı istəsəydi, yüz faiz qiyamın qarşısını almaq olardı, amma bunlar qan-qan deyirdi” fikirlərinə münasibət bildirərkən deyib.

O, Rəhim Qazıyevin bu üçlüyün Surət Hüseynovla Əbülfəz Elçibəyin görüşünə mane olduqları barədə iddialarını isə belə cavablayıb: “Prezidentin görüşünə necə maneə olmaq olar? Rəhim Qazıyevdir də yenə danışır”.

Rəhim Qazıyev həmçinin ittiham səsləndirib ki, Pənah Hüseyn, İsa Qəmbər, Sülhəddin Əkbər, Arif Hacılı mərhum prezident Əbülfəz Elçibəyə xəyanət edərək onu yıxmaq üçün fəaliyyət göstərib: “2000-ci ildə Kəlbəcərin işğalı ilə bağlı çəkilən videoya diqqətlə baxın. Orada bir kəlbəcərli deyir ki, Pənah Hüseynov, sən ayın 1-də Kəlbəcərə gəldin və dedin ki, saqqallını kənarlaşdıraq, hər şey yaxşı olacaq. Bunun qarşılığında Pənah Hüseynov quzu kimi susur və cavab da vermir. Bunlar uydurma deyil, həqiqətdir”.

Pənah Hüseyn bu iddialara isə belə cavab verib: “Rəhim Qazıyevin hansı videodan söz açdığını bilmirəm, adımdan elə fikirlər yayıblarsa da, cəfəngiyyatdır və ancaq şər xarakteri daşıyır”.

Nərgiz


Müəllif: