1 İyun 2016 11:45

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Milli ideologiyamız – azərbaycançılıq” adlı təlim-konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, toplantının iştırakçıları tələbə-gənclər olublar.

Toplantını giriş sözü ilə ictimai birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva açıb. O bildirib ki, ölkəmizdə bütün vətəndaşları birləşdirən vahid ideologiya – azərbaycançılıq mövcuddur.

Azərbaycançılıq ideologiyasının mahiyyətinin və məqsədlərinin dərindən bilinməsi, onun qorunması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının borcu olmalıdır. Mühafizəkar və liberal dəyərləri, etnik kökləri və dini inanclarından asılı olmayaraq bütün vətəndaşları tək bayraq, tək Vətən altında birləşdirən azərbaycançılıq ideologiyası güclü dövlət-güclü millət anlamı daşıyır.

Azərbaycançılıq ideyasının bütün millətimiz və dövlətimiz üçün ideoloji sistemə salınması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən edib: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan...”

Toplantıda millət vəkili Azər Badamov Heydər Əliyevin təşəbbüsü ilə yaranan diaspor təşkilatlarından, azərbaycançılıq ideologiyasının dünyada tanıdılmasından və gənclərin bu istiqamətdə üzərlərinə düşən vəzifələrdən bəhs edib.

Millət vəkili Eldəniz Səlimov Heydər Əliyevin azərbaycançılıq ideologiyası üçün etdiklərindən, diaspor təşkilatlarının qurulmasından, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasından danışıb.

Millət vəkili, professor Musa Qasımlı azərbaycançılıq ideologiyasının etnik kökündən və dini mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan vətəndaşlarını tək bayraq, tək millət, tək dövlət, tək vətən ətrafında toplayaraq bir yerdə, mehriban şəraitdə yaşamasını və quruculuğunu nəzərdə tutduğunu, dünya azərbaycanlılarını birləşdirdiyini bildirib. Azərbaycan gəncliyinin azərbaycançılıq ideologiyasının təbliğindəki rolundan söz açıb.

Daha sonra müzakirə edilən məsələyə dair çoxlu suallara cavablar verilib və çıxışlar olub.

Səxavət


Müəllif:
Загрузка...